“Google” Finlandiyada məlumat emalı mərkəzinə 608 milyon dollar investisiya ayıracaqdır
Bakı, 12 noyabr (AZƏRTAC). “Google” şirkəti mobil video servislərinə artmış tələbatı ödəmək məqsədilə Finlandiyada məlumat emalı mərkəzinə 608 milyon dollar məbləğində investisiya yatırmağa hazırlaşır. Bu vəsaitlərdən hesablama meydançasının ərazisinin genişləndirilməsi üçün istifadə olunacaqdır.
Paytaxt Helsinkinin 159 kilometrliyində Hamina şəhərində yerləşən məlumat emalı mərkəzi 2 il əvvəl işə salınmışdır. O vaxt internet nəhəngi yerli istehsalçıdan 272 milyon dollara artıq hazır zavodun qiymətli kağızlarını satın almışdır. Bu mərkəz “Google”a Avropa ərazisinə məxsus olan 3 məlumat emalı mərkəzindən biridir. Mərkəzin gücünün artırılması layihəsi 800 nəfər mühəndis və inşaatçını işlə təmin edəcək, eləcə də obyektin ştat vahidi 90 nəfərdən 125 nəfərədək artacaqdır.
Hamine şəhərində yerləşən məlumat emalı mərkəzi soyutma üçün Finlandiya körfəzinin dəniz suyundan, avadanlıqların elektrik enerjisi ilə təmin olunması üçün İsveçin külək elektrik enerjisindən istifadə edir. “Google” şirkəti Finlandiyanın nadir təbiətinə təsirini minimuma endirməyə çalışır. Bundan başqa, ölkədə çox sərt təbiət mühafizəsi qanunvericiliyi qüvvədədir.
Şirkətin məlumat emalı mərkəzinin meneceri Diter Kernin bildirmişdir ki, internet nəhəngi bundan sonra da Finlandiyada iştirakını genişləndirmək niyyətindədir.