Goranboy rayonunda 55 min nəfərə sakin tibbi müayinədən keçmişdir
Goranboy, 21 aprel (AZƏRTAC). Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin tibbi-profilaktik müayinəsi Goranboy rayonunda da yüksək səviyyədə davam edir.
Bu məqsədlə rayon mərkəzi xəstəxanası ilə yanaşı, 20 həkim məntəqəsində də lazımi şərait yaradılmış, əhalinin müəyyən olunmuş müddətdə tibbi müayinədən keçirilməsi üçün əvvəlcədən bütün tədbirlər görülmüşdür. Həyata keçirilmiş tədbirlər nəticəsində müayinələrin başlanıldığı fevralın 17-dən bu günədək 54 min 910 nəfər müayinədən keçirilmişdir ki, bu da nəzərdə tutulmuş əhalinin 92,1 faizi deməkdir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Rüstəm Budaqov AZƏRTAC-a bildirmişdir ki, əvvəlcədən yaradılmış 5 səyyar həkim briqadası 62 yaşayış məntəqəsində olmuş, 132 hamilə, 245 uşaq, 82 yataq xəstəsini müayinədən keçirmişdir. Müayinələr zamanı ilkin olaraq aşkarlanmış 550 xəstədən 403 nəfəri stasionar və ambulator müalicəyə cəlb edilmiş, 62 nəfər isə Bakıya-ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir.
İşin yüksək səviyyədə təşkilinin nəticəsidir ki, aksiyanın başladığı gündən indiyədək 42 kənddə tibbi müayinələr başa çatdırılmışdır. Hazırda əhalinin müayinəsi üçün ayrılmış səhiyyə ocaqlarında aksiya uğurla davam etdirilir. Müayinədən keçən hər bir goranboylu bu xeyirxah tədbirin təşəbbüskarı və təşkilatçısı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.