GORANBOYLULAR YENİ İLDƏ UĞURLARI DAHA DA ARTIRACAQLAR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Goranboy rayonunda 2007-ci ilin yekunları və 2008-ci ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirədə səslənmişdir. Ziyalılar və ağsaqqallar qazanılmış uğurlardan bəhs edərkən, bu nailiyyətlərin təminatçısı olan İlham Əliyevi qarşıdan gələn prezident seçkilərində yenidən namizəd görmək arzularını bildirmişlər.
Keçən il görülən işlərlə əlaqədar hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Elşən Abasov demişdir ki, ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar Goranboy rayonunda da uğurla həyata keçirilmişdir. Ötən bir il ərzində rayondaxili yolların təmiri və rayon ərazisindən keçən respublika əhəmiyyətli yolların kənarlarının abadlaşdırılması diqqət mərkəzində olmuşdur. Dəliməmmədli-Hazırəhmədli-Qarasuçu yolunun 7,3 kilometrlik hissəsi yenidən qurulmuş, 5 kilometrlik Goran-Goranboy yolu əsaslı təmir edilmişdir. Rayon mərkəzində küçələr abadlaşdırılmışdır.
Qeyd edilmişdir ki, keçən il də rayonun sosial infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılmışdır. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında genişləndirmə işləri başa çatdırılmış, burada 3 yerdə fəvvarə quraşdırılmışdır. Uşaq İntellekt Mərkəzi, şahmat məktəbi, elektron kitabxana yenidən qurulmuşdur. Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərinə 26,2 milyon manat vəsait xərclənmişdir. Bu, əvvəlki illə müqayisədə 11,5 dəfə çoxdur.
Məlumat verilmişdir ki, keçən il istehsal edilən sənaye məhsulunun ümumi həcmi 2006-cı ilə nisbətən 57 faiz artaraq 5 milyon 265 min manat təşkil etmişdir. Bunun 91,7 faizi özəl sektorun payına düşmüşdür. Sərhəd kəndlərində yaşayan əhalinin sosial-məişət şəraiti diqqət mərkəzində saxlanılmış, bu məqsədlə Murov-Goranboy su kəmərindən Tap Qaraqoyunlu, Qaşaltı və Qasımbəyli kəndlərinə uzunluğu 30 kilometr olan su xətti çəkilmiş, kəndlərdə 7 ədəd bulaq kompleksi istifadəyə verilmişdir. Su problemi digər kəndlərdə də qismən həll edilmişdir.
Bildirilmişdir ki, rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatı da nəzərə çarpacaq dərəcədə inkişaf etmişdir. Ötən il bu sahədən 40 milyon 570 min manat gəlir götürülmüşdür. Bu, əvvəlki ilə nisbətən 1,4 dəfə çoxdur. Rayonda 2 min 52 ton ət, 15 min 738 ton süd, 18 min 939 ton meyvə, 9 min 210 ton tərəvəz istehsal edilmişdir. İstehsal olunmuş kənd təsərrüfatı məhsullarının 205,9 tonu Bakıdakı yarmarkalarda paytaxt sakinlərinə satılmışdır.
Diqqətə çatdırılmışdır ki, 2007-ci ildə rayon əhalisinin pul gəlirləri artaraq 130 milyon 648 min manat təşkil etmiş, orta aylıq əmək haqqı 107,1 manata çatmışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən və Heydər Əliyev Fondunun təşəbbüsü ilə son 4 ildə rayonda 2365 yerlik 14 məktəb binası və əlavə tədris korpusları tikilmiş, 69 məktəbdə 461 kompyuter dəsti quraşdırılmışdır. Son illər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində aparılan məqsədyönlü işlərin nəticəsidir ki, ali məktəblərə qəbul faizi də yüksəlmişdir. Keçən il rayonun orta məktəblərini bitirən 1532 məzundan 347-si tələbə adını qazanmışdır. Onlardan 6 nəfəri 600-dən yuxarı bal toplamışdır.
Tədbirdə rayon əhalisinin qaz və elektrik enerjisi ilə təminatında olan bəzi problemlərin həlli ilə əlaqədar həyata keçirilən tədbirlərdən, eləcə də səhiyyə və mədəniyyət sahələrində aparılan islahatlardan ətraflı müzakirələr aparılmış və əlaqədar təşkilatların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Müşavirədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov, Milli Məclisin deputatları Gültəkin Hacıyeva və Qüdrət Həsənquliyev çıxış etmişlər.
Müşavirə iştirakçıları adından ölkəmizin başçısı İlham Əliyevə müraciət qəbul olunmuşdur.