GÖRKƏMLİ AZƏRBAYCAN BƏSTƏKARI FİKRƏT ƏMİROVUN YAŞAYIB-YARATDIĞI EVDƏ ONUN XATİRƏ LÖVHƏSİ AÇILMIŞDIR
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Ramiz Zöhrabov, xalq artisti, balerina Tamilla Şirəliyeva görkəmli mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çoxsaylı fərman və sərəncamlarının misilsiz əhəmiyyətindən, bu ənənəni layiqincə davam və inkişaf etdirən Prezident İlham Əliyevin sənət adamlarına diqqət və qayğısından dərin iftixar hissi ilə danışmış, bildirmişlər ki, gələcək nəsillər Azərbaycan mədəniyyəti korifeylərinin xatirəsini ehtiramla anmalıdırlar. Bütün dünyanı özünün ecazkar, ilhamlı, dərin xəlqiliyi ilə seçilən musiqi əsərləri ilə heyran qoyan bəstəkar Fikrət Əmirovun adı Azərbaycan musiqi mədəniyyətinin xəzinəsinə qızıl hərflərlə yazılmışdır. Natiqlər onu əsil ziyalı, böyük yaradıcı şəxsiyyət, maraqlı müsahib kimi səmimiyyətlə xatırladılar. Bu gözəl insan həyatdan getsə də, yaratdığı bənzərsiz musiqisi sayəsində həmişə bizimlədir.
Sonra xalq rəssamı, akademik Ömər Eldarovun yaratdığı barelyefin üzərindən ağ örtük götürüldü. Bəstəkarın oğlu Cəmil Əmirov atasının xatirəsinə ehtirama görə ailələri adından Azərbaycan Prezidenti İlham Əliyevə və mərasim iştirakçılarına dərin təşəkkürünü bildirdi.