Görkəmli bəstəkar Qara Qarayevin məzarı ziyarət olunub
Bakı, 13 may, AZƏRTAC
Bu gün Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin anım günüdür.
AZƏRTAC xəbər verir ki, mayın 13-də bəstəkarın vəfatının 44-cü ildönümündə tanınmış elm və mədəniyyət xadimləri, Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri Fəxri xiyabana gələrək onun xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, UNESCO-nun “Sülh” artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə çıxışında Qara Qarayevin Azərbaycan musiqi mədəniyyətində müstəsna yer tutduğunu bildirib. O qeyd edib ki, bəstəkarın zəngin yaradıcılığı milli musiqi ənənələrini müasir dünya musiqisi ilə uğurla sintez edərək yeni bir məktəbin formalaşmasına səbəb olub.
Azərbaycanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnara Dadaşova, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Əməkdar incəsənət xadimi, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov bildiriblər ki, Qara Qarayevin yaradıcılığı dərin fəlsəfi məzmunu, yüksək peşəkarlığı və yenilikçi yanaşması ilə seçilir.
Qeyd olunub ki, onun zəngin irsi gələcək nəsillər üçün mühüm məktəb olaraq qalır.
Bildirilib ki, böyük bəstəkarın xatirəsi daim ehtiramla anılır, onun əsərləri yaşadıqca adı da Azərbaycan mədəniyyət tarixində əbədi yaşayacaq.