GÖRÜŞDƏ QARŞILIQLI MARAQ DOĞURAN BİR SIRA MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, nazir, general-polkovnik Ramil Usubov iyunun 24-də ölkəmizdə səfərdə olan Niderland Krallığı Ədliyyə Nazirliyinin baş katibi Yoris Demmikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Daxili İşlər Nazirliyinin funksiyaları və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verən nazir, ötən əsrin 90-cı illərinin əvvəllərinə ekskurs etmiş, müstəqilliyin bərpasından sonrakı ilk illərdə ölkənin vətəndaş müharibəsi astanasında olması, erməni təcavüzü, torpaqlarımızın 20 faizdən çoxunun işğalı nəticəsində doğma yurd-yuvalarından qaçqın və köçkün düşmüş 1 milyondan çox soydaşımızın acınacaqlı taleyi barədə danışmışdır. Nazir qeyd etmişdir ki, yalnız xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz məhv olmaq təhlükəsindən qurtuldu, kriminogen durum nəzarət altına alındı və 1995-ci ilin sonlarından başlayaraq tədricən cəmiyyət həyatının bütün sahələrində inkişaf başladı.
General-polkovnik Ramil Usubov polisin fəaliyyətini tənzimləyən demokratik prinsiplərə, insan və vətəndaş hüquq və azadlıqlarına söykənən yeni qanunların qəbulu ilə bağlı məlumat vermiş, bu qanunların tətbiqi zamanı qarşıya çıxan bəzi problemlərdən, onların aradan qaldırılması üçün görülən işlərdən danışmışdır.
Nazir təəssüf hissi ilə qeyd etmişdir ki, onun rəhbərlik etdiyi qurumla Niderland Krallığının Daxili İşlər Nazirliyi arasında birbaşa əlaqə olmadığından, əməkdaşlıq Beynəlxalq Kriminal Polis Təşkilatı - İnterpol çərçivəsində həyata keçirilir. Eyni zamanda ikitərəfli əlaqələrin yaradılması istiqamətində ilk addım olaraq Azərbaycan Hökumətinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyində ölkələrimizin müvafiq qurumları arasında “Əməkdaşlığa dair Memorandum” layihəsi hazırlanaraq 2008-ci il mayın 29-da Nazirlər Kabinetinə təqdim edilmişdir. Hazırda memorandum layihəsi digər aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Görüşdə transmilli mütəşəkkil cinayətkarlığın növlərindən biri olan qanunsuz miqrasiya məsələlərinə də toxunulmuşdur. Qeyd olunmuşdur ki, son illər xüsusən Cənubi Şərqi Asiya ölkələrindən Azərbaycana miqrantların axını güclənmişdir. Bu, bir tərəfdən iqtisadiyyatın inkişafı ilə, digər tərəfdən yerləşdiyimiz coğrafi məkanla bağlıdır. Nazirliyin miqrasiya idarəsi tərəfindən 2006-cı ilin mayından etibarən respublikamızın ərazisində xarici ölkələrin müvafiq icazəsi və qeydiyyatı olmayan 1881 vətəndaşı saxlanılmışdır. Saxlanılanların yalnız bir nəfəri Niderland vətəndaşı olmuşdur. Polis orqanları tərəfindən müvəqqəti olaraq qeydiyyat vəsiqələri ilə sənədləşdirilənlərin 288 nəfəri Niderland Krallığının vətəndaşları idi. Hazırda onların 62 nəfəri qeydiyyatdadır.
Yoris Demmik ətraflı məlumata görə təşəkkürünü bildirmiş, həm Azərbaycanın, həm də Niderlandın dəfələrlə müstəqil olmağa cəhd göstərdiyini və nəhayət bu cəhədlərin nəticə verdiyini yüksək qiymətləndirərək, qarşılıqlı maraq doğuran ikitərəfli əlaqələri inkişaf etdirməyin zəruriliyini vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.