GÖYÇAYDA “HEYDƏR ƏLİYEV VƏ VERGİ SİYASƏTİ” MÖVZUSUNDA KONFRANS
Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Vergilər Nazirliyinin Göyçay şəhərindəki 9 saylı Vergilər İdarəsində “Heydər Əliyev və vergi siyasəti” mövzusunda konfrans keçirilmişdir.
Göyçay, Ağdaş, Ucar, Zərdab və Kürdəmir rayonlarından 100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə idarənin rəis müavini Fəxrəd Gülüşov, vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Teyyub Əsgərov çıxış edərək müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ölkəmizdə vergi siyasətinin həyata keçirilməsi, azad sahibkarlığın inkişafı istiqamətində gördüyü işlərdən danışmışlar. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət Azərbaycanda sahibkarlığın inkişafının sürətləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına yönəlmişdir.
Bu məqsədlə qanunvericilik bazasının formalaşdırılması, bürokratik maneələrin aradan qaldırılması, maliyyə dəstəyinin göstərilməsi və digər sahələrdə mühüm əhəmiyyət kəsb edən tədbirlər həyata keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin əməyi sayəsində ölkəmizdə kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi siyasətinin prioritet sahələrindən birinə çevrilmiş, sahibkarlara dövlət maliyyə dəstəyi sistemi yaradılmışdır.
Konfransda o da vurğulanmışdır ki, Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olmaqla yanaşı, respublikamızda vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində atılmış ən mühüm addım oldu. Bu, ilk növbədə, müdrik siyasətçi Heydər Əliyevin uğurlu iqtisadi siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Dövlət vergi siyasətinin həyata keçirilməsi, büdcəyə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasının təmin edilməsi, vergitutma sahəsində dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə 2000-ci ildə Vergilər Nazirliyi yaradılmışdır.
Çıxış edənlər sahibkarlığın inkişafında süni maneələrin qarşısının alınması, vergi siyasətinin uğurla icra olunması, iş adamlarının fəaliyyətinə lüzumsuz müdaxilələrə son qoyulması və vergi ödəyicilərinin mənafelərinin qorunması ilə bağlı bir sıra qanunvercilik aktlarının qəbul edilməsini yüksək qiymətləndirmişlər. Onlar, həmçinin vergi xidmətində yeni iş proseslərinin tətbiqindən vergi ödəyiciləri ilə vergi xidməti əməkdaşları arasında işgüzar münasibətlərin qurulmasından, vergi bəyannamələrinin poçtla qəbul edilməsi və bütün ödəmələrin banklar vasitəsilə həyata keçirilməsinə başlanılmasının üstün cəhətlərindən danışmışlar.
Tədbirdə çıxış edən iş adamları dövlətin kiçik və orta sahibkarlıq subyektləri üçün əlverişli şərait yaratmasından, ölkəmizdə sadələşdirilmiş vergi sisteminin tətbiq olunmasından və digər mütərəqqi addımlardan razılıqla söhbət açmışlar. Natiqlər Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğısından razılıqlarını ifadə etmiş, ona daim dəstək olacaqlarını və ətrafında sıx birləşəcəklərini bildirmişlər.