REGİONLAR
Göyçayda iz itirmək məqsədilə narkotik vasitəni qaldıqları oteldə gizlədən şəxslər saxlanılıb
Göyçay, 11 noyabr, AZƏRTAC
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışında şübhəli bilinən şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Ağdaş rayon sakinləri, əvvəllər də oğurluq, eləcə də narkotiklə bağlı cinayətləri törətdikləri üçün məhkum olunmuşlar - Raqif Yusifov və Ruslan Allahverdiyev saxlanılıb. Onların Göyçay şəhəri ərazisindəki otellərin birində müvəqqəti qaldıqları nömrəyə baxış keçirilərkən oradan bükümlərdə külli miqdarda heroin və metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitə və psixotrop maddəni sosial şəbəkələrdə tanış olduqları əcnəbi narkotacirdən satmaq məqsədilə aldıqlarını bildiriblər. İz itirmək məqsədilə Ağdaşdan Göyçaya gələrək oteldə qalan dostlar həmin əcnəbi narkotacirdən aldıqları narkotik vasitəni orada bölüşdürərək hissə-hissə satmaq niyyətində olublar.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxslərin cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq hərəkətləri davam etdirilir.