GÖYÇAYDA “NAR BAYRAMI” KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, oktyabrın 27-də Göyçayda “Nar bayramı” keçirilmişdir.
Qonaqlar Göyçay şəhərinin girişində gül-çiçək dəstələri və musiqi ilə qarşılanmışlar.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoymuşlar.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxış edərək göyçaylıları və qonaqları məhsul bayramı münasibətilə təbrik etmişdir. Ulu öndər Heydər Əliyevin aqrar bölmənin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən söz açan M.Ağayev, onun sayəsində Göyçayın nar məhsulu ilə bağlı tarixi şöhrətinin yenidən özünə qayıtdığını, yüzlərlə hektar sahədə yeni nar bağlarının salındığını, nar emalı müəssisələrinin fəaliyyətinin bərpa olunduğunu və nəticədə əhalinin sosial-rifah halının getdikcə yaxşılaşdığını vurğulamışdır. Rayon əhalisinin gəlirlərinin əsas hissəsinin nar və nar məhsullarının hazırlanması və satışından əldə olunduğunu qeyd edən natiq, mütəxəssislərin proqnozlarına əsaslanaraq, bu il 40 min tona yaxın nar toplanacağını və bundan təxminən 10 milyon manat gəlir əldə olunacağını diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Şəmsəddin Hacıyev, Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç əsası ölkə Prezidenti İlham Əliyevin xeyir-duası ilə qoyulan və ənənəyə çevrilən “Nar bayramı”nın bu il də yüksək səviyyədə təşkil olunduğunu bildirmişlər. Natiqlər Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycanın hər yerində, o cümlədən Göyçayda sahibkarlığın sürətlə inkişaf etdiyini, yeni istehsal müəssisələrinin yaradıldığını, əhalinin öz məhsullarını istədiyi qiymətə yerli və xarici bazara çıxarmaq imkanı qazandığını qeyd etmişlər.
Tədbir iştirakçıları şəhərin mərkəzində açılmış nar yarmarkasında “Göyçay-Süd” ASC, “Göyçay-Konyak” ASC, “Göyçay-Konserv” ASC-nin və Göyçay Qida Məhsulları Kombinatının istehsal etdiyi müxtəlif çeşidli nar məhsulları ilə tanış olmuşlar. Heydər Əliyev parkında idmançıların, folklor qrupunun, mahnı-rəqs ansamblının nümunəvi çıxışları olmuş, qonaqlar isti təndir çörəyi kəsmiş, nardan hazırlanmış məhsulların dadına baxmışlar. Tədbir iştirakçılarına müxtəlif xəstəliklərin müalicəsində nardan istifadə qaydaları, nar və nar məhsullarının insan orqanizminə müstəsna faydası barədə məlumat verilmişdir.
Bayram günü yeni ailə quran bəy və gəlinə ümummilli lider Heydər Əliyevin abidəsi önündə xeyir-dua verilmiş və hədiyyələr təqdim olunmuşdur.
Ötən il olduğu kimi yenə də “Nar bayramı”na xoş əhval-ruhiyyə qatmaq üçün müxtəlif oyunlar, müsabiqələr keçirilmişdir. Ən böyük nar sahibinə, giləsini yerə salmadan ən tez nar yeyənə, ən sürətli nar şirəsi hazırlayana pul mükafatları təqdim olunmuşdur. Nar dolu yük maşınları karvanı şəhərin küçələrini dolaşmışdır.
“Nar bayramı” tanınmış incəsənət ustalarının konsert proqramı ilə davam etmiş və atəşfəşanlıqla başa çatmışdır.