Göyçayda şəhid polkovnik Babək Səmidlinin xatirəsi anılıb
Göyçay, 25 noyabr, AZƏRTAC
Polkovnik Babək Mətləb oğlu Səmidlinin şəhidlik zirvəsinə yüksəlməsinin ikinci ildönümü uyuduğu Göyçay şəhərindəki Şəhidlər xiyabanında məzarı önündə qeyd olunub. Mərasimdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və şəhidin ailə üzvləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Babək Səmidlinin məzarı önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Mərasimdə şəhid polkovnik Babək Səmidlinin qısa və şərəfli ömür yolundan danışılıb. Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu istehkamları 44 günə darmadağın etdi. Məğlub olduğunu etiraf edən düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu, Azərbaycan hərb tarixinin parlaq, şanlı Zəfəri idi.
Bildirilib ki, 2016-cı ilin Aprel döyüşlərində iştirak edən Babək Səmidli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində də qəhrəmanlığı ilə fərqlənib. Müharibədə Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərə rəhbərlik edənlərdən biri olub. Təəssüf ki, noyabr ayında minaya düşərək şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.
Türkiyədə hərbi məktəbdə Babək Səmidli ilə birlikdə təhsil alan zabit dostları hərbi məktəbin 25-ci buraxılış ili münasibətilə onun adına hazırlanan xatirə plaketini və döş nişanını övladları Mətləb və Səmidə təqdim ediblər.
Vurğulanıb ki, bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik Babək Səmidlinin adını daşıyır.
Sonda şəhidin həyat və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Şəhidin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.