Göygöldə dezinfeksiya tədbirləri davam etdirilir
Göygöl, 12 avqust, Elcan Məmmədov, AZƏRTAC
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Göygöl rayonunda qabaqlayıcı tədbirlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və uşaq bağçalarında, mədəniyyət ocaqlarında, rayon ərazisindəki istirahət parklarında, ticarət obyektlərində, dayanacaqlarda dezinfeksiya işləri aparılır və bu proses gündəlik davam etdirilir.
Paralel olaraq, görülən tədbirlər çərçivəsində, rayon ərazisində xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə əhali arasında mobil qruplar tərəfindən təbliğat və maarifləndirmə işləri də mütəmadi olaraq aparılır, Nazirlər Kabineti yanındakı Operativ Qərargah tərəfindən verilən tövsiyələr barədə vətəndaşlar məlumatlandırılır və müvafiq izahatlar verilir.
Qeyd edək ki, dünyada, xüsusilə region ölkələrində, Rusiya, İran, Gürcüstan və Türkiyədə COVID-19-a yoluxma hallarında kəskin artım müşahidə olunur. Son dövrdə Azərbaycanda da koronavirusa yoluxma və bununla bağlı ölüm hallarında artım qeydə alınır. Əgər bir müddət öncə Azərbaycanda gündəlik yoluxma 100-200 idisə, son günlərdə 2000-i ötüb.
Mütəxəssislər karantin rejiminin yumşaldılmasının və qadağaların götürülməsinin, açıq havada maska rejiminin ləğvinin, restoran və ticarət obyektlərinin, metronun açılışının, şənlik mərasimlərində qaydalara riayət edilməməsinin, tətil mövsümü ilə əlaqədar olaraq xaricə gediş-gəlişin artmasının virusun daha geniş yayılmasına və yoluxma sayının kəskin artmasına səbəb olduğunu vurğulayırlar. Həmçinin vətəndaşlarda arxayınlığın yaranması, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməməsi, gündəlik həyatda bu qaydaların pozulması hallarının artması da səbəblərdən bəziləridir. Bütün bunlar isə xəstəxanalara müraciət edənlərin, eləcə də ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artımla nəticələnir.
Mövcud vəziyyətlə əlaqədar vətəndaşlar vaksinasiya prosesinə daha fəal qoşulmalı, qapalı məkanlarda maskadan istifadə olunmalı, ara məsafəsi saxlanılmalı, gigiyenik qaydalara riayət edilməlidir. Əks halda, yoluxma və ölüm sayında artım bu templə davam edərsə, yenidən məhdudiyyətlərin tətbiqi məsələsi gündəmə gələ bilər.