Göygölün Topalhəsənli kəndində əl qumbarası aşkarlanıb
Bakı, 8 aprel, AZƏRTAC
Aprelin 8-də saat 10:36-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən və saat 10:45-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Topalhəsənli kəndi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Qurumun mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunan ərazidə çay sahilinə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd “F-1” əl qumbarası və 2 ədəd UZRQM partladıcısı aşkar olunub. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Partlamamış hərbi sursatların ətrafında 1000 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu tapılmayıb.
Yanvarın 1-dən aprelin 8-dək ANAMA tərəfindən 2440 ədəd partlamamış hərbi sursat, 3 ədəd tank əleyhinə mina və 73 kiloqram partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunaraq zərərsizləşdirilib. Bu müddətdə 56 min 015 kvadratmetr ərazi yoxlanılıb.