Gözün buynuz qişasının transplantasiyası əməliyyatı uğurla aparılıb
Bakı, 31 yanvar, AZƏRTAC
Respublika Müalicəvi Diaqnostika Mərkəzində iki xəstə üzərində gözün buynuz qişasının transplantasiyası əməliyyatı uğurla yerinə yetirilib.
Ölkəmizdə gözün buynuz qişası ilə əlaqədar 3 minə qədər xəstənin əməliyyata ehtiyacı var. Onlardan 300 nəfəri Respublika Müalicəvi Diaqnostika Mərkəzinə müraciət edib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, əməliyyatı oftalmoloq-cərrah, tibb elmləri namizədi Xəlil Hüseynov aparıb. Toxumalar ABŞ-dan gətirilib və ilk mərhələdə təcili köçürülməyə ehtiyacı olanların əməliyyat olunması nəzərdə tutulub. Əməliyyat zamanı sağlam gözün buynuz qişasından kəsilib götürülmüş, diametri 6-9 millimetr dairəvi hissə xəstənin sağlam olmayan buynuz qişasının əvəzinə köçürülüb.
Oftalmoloq-cərrah deyib: “İnsanın bioloji ölümündən sonra 24 saat ərzində gözün buynuz qişası götürülə və 7 gün ərzində başqa insana köçürülə bilər. Bu əməliyyatlar bir çox hallarda anesteziyaya ehtiyac olmadan aparılır və təxminən 40 dəqiqə davam edir”.
Onu da qeyd edək ki, buynuz qişa gözün ən ön hissəsində yerləşən, işığı sındırmaq və gözü xarici zədələyici faktorlardan qorumaq üçün xüsusiləşmiş şəffaf və sferik səthə malik olan toxumadır. Bu toxuma gözün ən qüvvətli işıqsındırma sahəsidir. Buynuz qişa şəffaf və damarsız struktura malikdir, işığısındırma xüsusiyyəti sayəsində xaricdən gələn işığın torlu qişaya düşməsinə kömək edir, göz yaşı və göz içi mayesindəki oksigen vasitəsilə qidalanır. Sinir lifləri sayəsində gözqırpma refleksi oyandırılır və buynuz qişa göz yaşı ilə hər zaman isladılaraq səthinin bütövlüyü qorunur.