GUAM ƏRAZİSİNDƏKİ MÜNAQİŞƏLƏRİN HƏLLİ BÜTÜN REGİONUN SABİTLİYİNƏ VƏ TƏHLÜKƏSİZLİYİNƏ TÖHFƏ VERƏCƏKDİR
“Hazırda regionda narahatlığa səbəb olan vəziyyət hökm sürür və Azərbaycan gərginliyin azaldılması üçün səylərini davam etdirir. Biz inanırıq ki, regionda mübahisə yaradan məsələlər beynəlxalq hüquq norma və prinsiplər, habelə qarşılıqlı hörmət əsasında dialoq vasitəsilə tez bir zamanda dinc yolla nizamlanacaqdır.”
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də Nyu-Yorkda BMT Baş Məclisinin 63-cü iclasında çıxışında bildirmişdir.
Cənubi Qafqaz regionundakı münaqişələrə toxunan Elmar Məmmədyarov demişdir ki, Gürcüstan hadisələri GUAM ərazisindəki münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qeyri-sabitliyin əsas mənbəyi olaraq qaldığını göstərdi. Bu münaqişələrin mövcudluğu beynəlxalq sülhə və təhlükəsizliyə təhlükə yaratmaqla yanaşı, Avropa və Asiyanın qovuşuğunda yerləşən bu strateji əhəmiyyətli regionun potensialından lazımi qədər istifadə etməyə mane olur. GUAM ərazisindəki münaqişələrin həlli üzv ölkələrlə yanaşı, bütün regionun sabitliyinə və təhlükəsizliyinə töhfə verəcəkdir.
E.Məmmədyarov Türkiyənin təşəbbüskarı olduğu Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının regional təhlükəsizlik sisteminin qurulması baxımından əhəmiyyətli olduğunu demişdir. Nazir qeyd etmişdir ki, Ermənistanın qoşunlarını işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarması və Azərbaycanın bu ərazilərdə suverenliyinin tam bərpası regionda əməkdaşlığın və yaxşı qonşuluq münasibətlərinin yaranması üçün ilkin vacib şərtdir. Dağlıq Qarabağda və onun ətrafında hərbi münaqişənin tez bir zamanda nizamlanması Azərbaycan dövlətinin qarşısında duran ən başlıca vəzifədir. Azərbaycan hökuməti münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin müvafiq qətnamələri, ATƏT-in sənədləri əsasında dinc yolla nizamlanmasına sadiq qalır. Azərbaycan danışıqlar prosesinin sürətləndirilməsi məqsədi ilə Baş Məslisin 62-ci iclasının gündəliyinə “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyət” adlı məsələnin daxil edilməsi ilə bağlı təşəbbüs göstərdi. Baş Məclis məsələni geniş müzakirə etdi və müvafiq qətnamə qəbul olundu. Bu sənəd Azərbaycan Respublikasının suverenliyinə, onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Baş Məclisin hörmətini, eyni zamanda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan bütün torpaqlarından çıxarılması tələbini bir daha təsdiq etdi. Qətnamə işğal edilmiş Azərbaycan ərazilərindən didərgin düşmüş insanların yurd-yuvalarına qayıtma hüququnu tanımaqla yanaşı, onların qayıtmaq üçün lazım olan şəraitin yaradılmasının, o cümlədən zərər çəkmiş ərazilərin bərpasının vacibliyini beynəlxalq aləmin diqqətinə çatdırdı. Həmçinin Baş Məclis bu qətnamə ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində azərbaycanlı və erməni icmalarının normal, təhlükəsiz və bərabərhüquqlu həyat şəraitinin təmin edilməsinin vacibliyini tanıdı. Bu, Azərbaycan Respublikası daxilində həmin bölgədə demokratik özünüidarəetmə sisteminin yaradılmasına imkan verir. Qətnamədə göstərilən prinsiplər danışıqlar prosesində əsas kimi götürüləcəkdir.
Nazir E.Məmmədyarov bildirmişdir ki, son illər Azərbaycan təhlükəsizlik, enerji, kommunikasiya və iqtisadi əməkdaşlıqla bağlı layihələri dəstəkləməklə regionda sabitliyin gücləndirilməsinə böyük töffələr vermişdir. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının hasilatı və beynəlxalq bazarlara təhlükəsiz daşınması Azərbaycanın xarici və iqtisadi siyasətinin başlıca amillərindən birinə çevrilmişdir. Biz regionda və dünyada enerji təhlükəsizliyini və iqtisadi inkişafı təmin edəcək strategiyanın reallaşmasını bundan sonra da davam etdirəcəyik. Digər bir strateji əhəmiyyət daşıyan layihə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşasıdır. Bu xətt Avropa və Asiya arasında yeni və səmərəli nəqliyyat dəhlizi olacaqdır.
Azərbaycanın sürətli iqtisadi inkişafından danışan E.Məmmədyarov qeyd etmişdir ki, ÜDM artımına görə ölkəmiz dünyada yüksək yerlərdən birini tutur. Bu ilin 9 ayının yekunlarına görə ÜDM-in artım tempi 18 faiz olmuşdur. Beynəlxalq maliyyə institutlarının proqnozlarına görə, bu artım tempi öz dinamikasını növbəti illərdə də saxlayacaqdır. Dünya Bankının və Beynəlxalq Maliyyə Korporasiyasının 181 ölkə haqqında hazırladığı “Doing Business-2009“ illik hesabatına görə Azərbaycan keçən ildən bəri biznes şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi islahatların nəticələri üzrə liderdir. Biz inanırıq ki, bu amillər ölkənin sosial və iqtisadi inkişafını dəstəkləyəcək maliyyə resurslarının cəlb olunması üçün olduqca vacibdir. Bundan başqa, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün tətbiqində də liderdir. Azərbaycanın bununla bağlı hazırladığı qətnamə layihəsinin BMT Baş Məclisi tərəfindən səsə qoyulmadan qəbul edilməsi ölkəmizin səylərinin dünyada bəyənilməsini göstərir.
İnsan hüquqlarının qorunmasında Azərbaycanın BMT-nin müvafiq qurumları ilə fəal əməkdaşlığına toxunan nazir bidirmidir ki, Azərbaycan müxtəlif beynəlxalq təşkilatların üzvü kimi demokratiya, qanunun aliliyi və insan hüquqlarının qorunmasına dair götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Biz inanırıq ki, ölkədə aparılan ardıcıl islahatlar və təhsilə qoyulan sərmayələr hesabına Azərbaycan uzun müddətli sabitliyə və tərəqqiyə nail olacaqdır.