Gülnar Muxtarova: Hər kəs vaksinasiyadan keçməlidir ki, bu bəladan tezliklə xilas olaq
Astara, 12 avqust, Bağır Əliyev, AZƏRTAC
Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əhalinin vaksinasiya olunması üçün Astara Rayon Mərkəzi Xəstəxanasında bütün zəruri tədbirlər görülüb və burada peyvənd kampaniyasının yüksək səviyyədə keçirilməsini təmin etmək üçün lazımi şərait yaradılıb.
Astara Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin müdiri Gülnar Muxtarovanın verdiyi məlumata əsasən, indiyədək rayon üzrə ümumilikdə 56 min 143 nəfər koronavirus infeksiyasına qarşı peyvənd olunub. Onlardan 4 min 965 nəfəri 65 yaşdan yuxarı, 17 min 296 nəfəri 50-65 yaşarası və 33 min 882 nəfəri isə 50 yaşadək olan vətəndaşlardır. Rayonda aktiv xəstələrin sayı 88 nəfərdir.
Son günlər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma sayının qonşu Türkiyə, Rusiya və İranda olduğu kimi, Azərbaycanda da artığını qeyd edən G.Muxtarova bildirib ki, buna səbəb həm virusun yeni ştamlarının yayılması, həm də vaksinasiya prosesinin başa çatmamasıdır. “Hər kəs vaksinasiyadan keçməlidir ki, bu bəladan da tezliklə xilas olaq”, - deyə o bildirib.