Gülnarə Xəlilova Qazaxıstanda “Upcycling” adlı yeni kolleksiyasını təqdim edib
Bakı,13 may, AZƏRTAC
Dizayner Gülnarə Xəlilova Qazaxıstanda dördüncü dəfə “Aspara Fashion Week” çərçivəsində Azərbaycanı təmsil edib.
AZƏRTAC xəbər verir ki, festival çərçivəsində Gülnarə Xəlilovanın “Upcycling” adlı yeni kolleksiyası nümayiş olunub. Kolleksiyada materialların təkrar istifadəsi və əşyaların modada yeni dəyər qazanması ideyası yer alıb.
Ekoloji yanaşmanı, müəllif üslubunu və etnik estetika elementlərini özündə birləşdirən kolleksiya ənənələrin müasir moda məkanında harmonik şəkildə yaşaya biləcəyini nümayiş etdirib. Dizayner fakturalar, siluetlər və detallarla şüurlu istehlak mövzusunu ön plana çıxararaq modanı yalnız incəsənət deyil, həm də mədəni mesaj kimi təqdim edib. Defilenin sonunda Gülnarə Xəlilova fəxri diplomla təltif olunub.
“Aspara Fashion Week”in 17-ci mövsümündə 35-dən çox ölkədən dizayner iştirak edib. Beynəlxalq platforma ənənəvi olaraq Avropa və Asiya modası arasında körpü rolunu oynayır, etnomədəni dəyərlərə, milli geyim ənənələrinə və mədəni irsin müasir interpretasiyalarına xüsusi diqqət ayırır. Layihə 2017-ci ildə tanınmış geyim dizayneri Aydarxan Kaliyev tərəfindən yaradılıb.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-Dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və “Cizgi” brendinin sahibidir. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Respublikası və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.