“GÜLÜSTAN” SARAYINDA RƏSMİ QƏBUL
Saraya toplaşanlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və onun xanımı Mehriban Əliyevanı hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev “Gülüstan” sarayının foyesində İranın vitse-prezidenti cənab seyid Məhəmmədəli Əbtəhi ilə görüşdü. İranlı qonaq İlham Əliyevi Prezident seçilməsi münasibətilə təbrik edərək, İran-Azərbaycan əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycanın dövlət başçısı əmin olduğunu vurğuladı ki, iki ölkə arasındakı münasibətlər gələcəkdə də inkişaf edəcəkdir. Prezident Heydər Əliyevin İrana son səfərindən sonra ikitərəfli əlaqələrin möhkəmlənməsində böyük irəliləyiş əldə olunmuşdur. İndi İran və Azərbaycan hökumətləri bir sıra birgə layihələr həyata keçirir. Prezident İlham Əliyev İran Prezidenti Məhəmməd Xatəminin ona zəng edib İrana rəsmi səfərə dəvət etdiyini bildirərək dedi ki, mən dəvəti məmnuniyyətlə qəbul etdim və yaxın zamanlarda bu səfəri həyata keçirəcəyəm.
Seyid Məhəmmədəli Əbtəhi İranın dövlət başçısının xüsusi salamlarını Azərbaycan Prezidentinə çatdırdı.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbula gəlmiş qonaqlarla – Ukraynanın Baş naziri Viktor Yanukoviçlə, Gürcüstanın xarici işlər naziri İrakli Menaqarişvili ilə, Rusiya Federasiyasının xarici işlər naziri İqor İvanovla görüşdü.