Gürcüstanda Azərbaycanda şəhərsalma sahəsində həyata keçirilən layihələr barədə məlumat verilib
Tbilisi, 17 iyul, AZƏRTAC
Tbilisidə “Gürcüstan Azərbaycanlı Tələbələr Birliyi”nin və "İnkişaf və Təhsil Mərkəzi"nin birgə təşkilatçılığı ilə universitet tələbələrinin iştirakı ilə Ümumdunya Şəhərsalma Forumu Simulyasiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) haqqında hazırlanmış videoçarx nümayiş etdirilib. Videoçarxda Azərbaycanın WUF13-ə ev sahibliyi etməsi, forumun əhəmiyyəti və ölkədə şəhərsalma sahəsində həyata keçirilən layihələr haqqında məlumat verilib.
Sonra Azərbaycanın Gürcüstandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Fuad Çıraqov, Gürcüstan Texniki Universitetinin professoru Emilia Alaverdova və “İnkişaf və Təhsil Mərkəzi”nin direktoru Emin Əhmədov çıxış edərək, tədbirin əhəmiyyətindən, bu kimi təşəbbüslərin tələbələrin inkişafındakı rolundan danışıblar. Bildirilib ki, tədbirin əsas məqsədi tələbələri bir araya gətirərək şəhərsalma, ekoloji dayanıqlılıq, sosial rifah və innovativ həll istiqamətində fikir mübadiləsi aparmaqdır.
Tədbirdə müxtəlif ölkələri təmsil edən iştirakçılar şəhər inkişafı, davamlılıq və müasir urbanizasiya məsələləri ilə bağlı fikirlərini bildiriblər.
Daha sonra Azərbaycanı təmsil edən Türkan Kazımlı Ümumdunya Şəhərsalma Forumu Simulyasiyasının məqsədləri, şəhərlərin davamlı inkişafında rolu və Azərbaycanın bu beynəlxalq platformadakı iştirakı barədə təqdimatla çıxış edib.
Tədbirin sonunda iştirakçılar tərəfindən müzakirələrin nəticəsi olaraq xüsusi pakt qəbul edilib, münsiflər heyətinin qərarı ilə fərqlənən iştirakçılara həvəsləndirici mükafatlar, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.