Gürcüstanda şəhid ailələri ilə görüş keçirilib
Tbilisi, 4 noyabr, AZƏRTAC
Noyabrın 4-də Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Faiq Quliyev, səfirliyin əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatı Arzu Nağıyev, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı, Savalan Mirzəyev, Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqan, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, şəhid ailələrinin üzvləri, azərbaycanlı və gürcü ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfir Faiq Quliyev çıxış edərək Azərbaycanın müstəqillik uğrundakı mübarizəsi, bu yolda üzləşdiyi çətinliklər, o cümlədən Ermənistanın torpaqlarımızı işğal etməsi barədə ətraflı məlumat verib.
Bildirib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz iqtisadi cəhətdən inkişaf etdi, ordu quruculuğu sahəsində mühüm işlər görüldü, beynəlxalq aləmdə dövlətimizin mövqeləri daha da möhkəmləndi. Ali Baş Komandanın sərkərdəlik bacarığı, qətiyyəti nəticəsində torpaqlarımız qısa bir zamanda, cəmi 44 gün davam edən Vətən müharibəsi nəticəsində işğaldan azad edildi.
Səfir bu müharibə dövründə Gürcüstandakı soydaşlarımızın dəstəyini, torpaqlarımızın hər bir qarışının azad olduğu günü xüsusi bayram kimi qeyd etdiklərini vurğulayıb. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə Gürcüstandan olan 22 şəhidin xatirəsinin daim əziz tutulacağını, şəhid ailələrinə hər zaman diqqət və qayğı göstəriləcəyini bildirib.
Diplomat Gürcüstandan şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailələrinə göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verib.
Sonra Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan, deputatlardan Arzu Nağıyev, Zaur Darğallı, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov çıxış edərək fikirlərini bölüşüblər.
Tədbirdə şəhidlər barədə film nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi