Gürcüstanda yaşayan soydaşımız mükafatlandırılıb



Tbilisi, 29 fevral, AZƏRTAC
Tbilisi şəhər Sakrebulunun Təhsil və Mədəniyyət Komissiyasının və Dövlət Dili Departamentinin təşəbbüsü və Sakrebuloda Etnik Azlıqlar Şurasının dəstəyi ilə Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Tbilisi Şəhər Şurasında keçirilən tədbirdə ziyalılar, etnik azlıqların nümayəndələri, elm, mədəniyyət xadimləri, ictimai fəallar iştirak ediblər.
Tbilisi Şəhər Şurasının sədri Giorgi Tkemaladze tədbiri açaraq Beynəlxalq Ana Dili Günü münasibətilə iştirakçıları təbrik edib, ana dilinin qorunması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.
Bildirib ki, Gürcüstanda Ana Dili Gününü təsis etməkdə məqsəd dilimizi, mədəniyyətimizi və milli dəyərlərimizi qorumaq, daha da inkişaf etdirməkdir.
O, bu yolda təkcə etnik gürcülərin deyil, etnik azlıqların da rolunu xüsusi qeyd edib.
Tədbirdə Ana Dili Günü ilə əlaqədar vətəndaş inteqrasiyasına göstərdikləri xidmətə görə bir sıra şəxslərə mükafatlar təqdim olunub.
Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri, ictimai xadim, yazıçı Rafiq Hümbət də mükafata layiq görülüb.
Tədbirdə bildirilib ki, 1999-cu ildən UNESCO-nun qərarı ilə fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
Bu günün təsis edilməsində məqsəd dil və mədəni müxtəlifliyin qorunub saxlanmasına, inkişafına və təqdim olunmasına xidmət etməkdir.
Tbilisi