GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZA AZƏRBAYCAN DÖVLƏTİNİN QAYĞISININ DAHA BİR TƏZAHÜRÜ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, son vaxtlar Gürcüstanda yağan güclü leysan Dmanisi rayonunda bir çox körpüləri, o cümlədən Səfərli kəndindən keçən çayın üzərindəki körpünü sıradan çıxarmışdı. Camaatın imkansızlığı üzündən bu körpünü bərpa etmək mümkün deyildi. Buna görə də ağsaqqallar yardım üçün Azərbaycan Prezidenti İlham Əliyevə xahişlə müraciət etmişlər. Həmişə olduğu kimi, bu dəfə də cavabı çox gözləmək lazım gəlməmişdir. Dövlətimizin başçısının tapşırığı ilə Şəmkir rayon rəhbərliyinin nümayəndələri dərhal kəndə gələrək vəziyyətlə yerində tanış olmuş, görüləcək işləri müəyyənləşdirmişlər. Bu yaxınlarda körpü yenidən tikilib kənd sakinlərinin istifadəsinə verilmişdir.
Bununla əlaqədar kənd mədəniyyət evində rayon icra hakimiyyəti başçısının rəhbərliyi və kənd camaatının iştirakı ilə yığıncaq keçirilmişdir. Çıxış edənlər Azərbaycanla Gürcüstan arasında tarixi dostluğun möhkəmləndirilməsinə şanlı səhifələr yazan dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirən İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər. Xüsusi qeyd edilmişdir ki, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf etdirilməsi və xalqlarımızın dostluğunun möhkəmləndirilməsi qonşu ölkədəki soydaşlarımızın güzəranına müsbət təsir göstərir. Onların həyati əhəmiyyətli problemlərinin, o cümlədən təhsil, mədəniyyət, sosial-iqtisadi məsələlərinin lazım gəldikdə ən mötəbər dairələrdə müsbət həlli üçün tədbirlər görülür. Natiqlər həmçinin Prezident İlham Əliyevin bu yaxınlarda Tbilisiyə səfərini yüksək qiymətləndirmişlər. Soydaşlarımızın yekdil rəyi belədir ki, bu səfər dost və qardaş ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin daha yüksək səviyyəyə qaldırılmasına təkan verəcək, Azərbaycanla Gürcüstanın münasibətləri tarixinə yeni, daha parlaq səhifə yazacaqdır.