Hacıqabulda narkotik vasitə gəzdirən şəxslər aşkarlanıb
Bakı, 14 aprel, AZƏRTAC
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələri qanunsuz olaraq daşımasında şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Şölət Rəhimov daxil olmuş məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman gödəkçəsinin cibindən 1 ədəd sellofan torbada çəkisi 46.603 qram olan tiryək, digər cibindən isə 230 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa keçirilmiş daha bir əməliyyat tədbirləri nəticəsində, narkotik vasitələri daşımasında şübhəli bilinən Hacıqabul rayon sakini, əvvəllər məhkum edilmiş Alxan Ağarəhimov saxlanılaraq Polis Şöbəsinə gətirilib. Şəxsi axtarış zamanı ondan da 380 qram marixuana aşkarlanıb.
Hər iki faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.