SİYASƏT
“HAKİMİYYƏT FORMULU” PROQRAMININ XÜSUSİ BURAXILIŞI AZƏRBAYCANIN MİLLİ DƏYƏRLƏRİNƏ HƏSR EDİLMİŞDİR
Bakı, 26 dekabr (AZƏRTAC). Azərbaycanın hərtərəfli və dinamik inkişafı, ölkəmizdə baş verən sosial-iqtisadi və mədəni dəyişikliklər beynəlxalq ictimaiyyətin marağına səbəb olur, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqətini cəlb edir.
“Rossiya” telekanalının “Hakimiyyət formulu” (“Formula vlasti”) proqramının dekabrın 26-da efirə getmiş və başa çatmaqda olan 2009-cu ilin yekunlarına həsr edilmiş xüsusi buraxılışı ölkəmizə marağın artmasının daha bir təzahürüdür.
Müəllifi və aparıcısı tanınmış jurnalist, İTAR-TASS agentliyinin baş direktorunun birinci müavini, həmvətənimiz Mixail Qusman olan proqramda dünyanın müxtəlif ölkələrində Yeni ilin bayram edilməsi ənənələrindən söhbət açılmış, bununla əlaqədar Azərbaycanın milli Novruz bayramından da danışılmışdır.
Mixail Qusman qeyd etmişdir ki, Novruz Azərbaycanda ən geniş miqyasda qeyd edilən bayramdır. Verilişin aparıcısı demişdir: “Novruz bayramı yazda gecə ilə gündüzün bərabərləşdiyi gündür. Şərq təqvimi üzrə həmin gün Yeni ilin ilk günü hesab edilir. Novruz - ailə bayramıdır. Bu bayrama qabaqcadan hazırlaşırlar. Azərbaycanlılar Novruz ərəfəsində ağac əkir, təzə paltar tikir, milli yeməklər hazırlayırlar”.
“Hakimiyyət formulu” verilişinin yeni seriyasında tamaşaçılara Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsindən bir hissə təqdim edilmişdir. Dövlətimizin başçısı azərbaycanlıların ənənələri və ailə dəyərləri barədə danışmışdır.
Prezident İlham Əliyev demişdir: “Şübhəsiz, ailə dəyərləri hər bir xalq üçün çox vacibdir. Sizin qeyd etdiyiniz kimi, heç kəs üçün sirr deyil ki, Azərbaycanda da bu dəyərlər prioritetdir, çünki ailə cəmiyyətin, millətin, gələcəyin əsasıdır”.