HAVANIN ƏN YÜKSƏK HƏRARƏTİ AVQUSTUN ORTALARINDA GÖZLƏNİLİR
Yağıntıların miqdarı normaya yaxın, qərb bölgələrində isə ondan çox olacaqdır.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq hərarəti 26-27 dərəcə (gecə 20-25, gündüz 31-36, ayın əvvəlinin ayrı-ayrı günlərində və üçüncü ongünlükdə 28-30 dərəcə) təşkil edəcəkdir. Yağıntıların səviyyəsi iqlim normasına (6-8 mm) yaxın olacaqdır. Ayrı-ayrı günlərdə şərq küləyi əsməklə, şimal-qərb küləyi üstünlük təşkil edəcək, küləyin maksimum sürəti saniyədə 15-20 metr olacaqdır.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq hərarəti 25-28 dərəcəyə çatacaq (gecə 20-25, birinci ongünlükdə 12-15, gündüz 30-35 dərəcə olacaq, ayın birinci yarısının ayrı-ayrı günlərində 36-39 dərəcəyə qalxacaq), yağıntıların səviyyəsi normaya yaxın (6-10 mm) olacaqdır.
Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə havanın orta aylıq hərarəti 16-18 dərəcə (gecə 13-18, gündüz 21-26 dərəcə, ayrı-ayrı günlərdə isə 28-30 dərəcəyədək isti), yağıntıların səviyyəsi normaya yaxın (37-55 mm) olacaqdır. Tufan və dolu gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzulidə orta aylıq hərarət 24-25 dərəcə isti (gecə 20-25, gündüz 32-35 dərəcə olacaq, ayrı-ayrı günlərdə isə 36-38 dərəcəyə qalxacaq), yağıntılar normaya yaxın (19-24 mm), ayrı-ayrı yerlərdə isə ondan çox olacaqdır. Tufan, dolu və qısamüddətli leysan yağışları gözlənilir.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz bölgələrində orta aylıq temperaturun 22-24 dərəcə olacağı gözlənilir (gecə 16-21, gündüz 28-33 dərəcə), yağıntıların miqdarı normadan çox (17-34 mm), qərb rayonlarında 56-116 mm, ayrı-ayrı yerlərdə isə normadan yüksək olacaqdır. Qısamüddətli leysanabənzər yağışlar tufanla müşayiət olunacaqdır. Qərb bölgələrində yağışlı günlər 15-20 gün davam edəcəkdir.
Mərkəzi aran rayonlarında orta aylıq hərarət 26-27 dərəcə (gecə 20-25, gündüz 30-35 dərəcə, bəzi günlərdə 36-39 dərəcəyədək), yağıntıların səviyyəsi normaya yaxın (6-22 mm), ayrı-ayrı bölgələrdə ondan yüksək olacaqdır.
Masallı-Lənkəran-Astarada orta aylıq temperaturun 25-26 dərəcə olacağı (gecə 20-25, gündüz 30-35 dərəcə) gözlənilir, yağıntıların səviyyəsi normaya yaxın (13-38 mm, dağlarda 40-43 mm) olacaqdır.