Hayko Mas AFR-in Xarici İşlər Nazirliyinin yeni rəhbəridir
Berlin, 12mart, AZƏRTAC
“Mən ədalət tərəfdarıyam. Bu, mənim bütün siyasi həyatımın mənası, mənim kredomdur”.
AZƏRTAC “Döyçe Velle”yə istinadla xəbər verir ki, Almaniyanın yeni xarici işlər naziri Hayko Mas öz internet səhifəsində özünü məhz bu cür xarakterizə edib. Yeri gəlmişkən, son dörd ildə Angela Merkelin hökumətində ədliyyə naziri olmuş bu şəxs həqiqətən belə qiymətə layiqdir.
Yeni vəzifədə Mas daha təmkinli olmalıdır. Diplomatiyada emosiyaya uyaraq deyilmiş bircə yanlış söz başqa siyasi sahələrlə müqayisədə daha ciddi gözlənilməz nəticələrə gətirib çıxara bilər.
Hərçənd, Mas düşünülməmiş bəyanatlarla çıxış edən insanlar kateqoriyasına aid deyil. O, öz mövqeyini qətiyyətlə müdafiə edir. “Almaniya üçün alternativ” (AüA) və “Pegida” hərəkatından olan sağçı populistlər Ması heç xoşlamırlar. Ədliyyə naziri olduğu dövrdə sosial şəbəkələrdə ksenofobiya təbliğinə mane olan qanunun onun təşəbbüsü ilə qəbul edilməsi bu populistləri möhkəm qəzəbləndirmişdi.
Hayko Masın 51 yaşı var, lakin yaşından daha gənc görünür. Ola bilsin ki, bu onun atletika üçnövçülüyü ilə məşğul olmasından irəli gəlir. Amma xarici işlər naziri vəzifəsində tez-tez səfərə getməli olacaq və bu, onun qaçış, üzgüçülük və velosiped sürmə ilə məşğul olmasına yəqin ki, imkan verməyəcək. Ümumiyyətlə, insanın çoxlu qüvvəsini və vaxtını alan hökumət işini idman məşğələləri ilə və ümumiyyətlə, şəxsi həyatla uzlaşdırmaq heç də həmişə mümkün olmur.
Hayko Mas iki oğul atasıdır. 2016-cı ildə o, 15 il nikahda olduğu xanımından ayrılıb və indi aktrisa Natalya Vörnerlə yaşayır. Zövqlə geyinməyi xoşladığı üçün bəzən kübar məclislərin qəhrəmanına çevrilir.
Hayko Masın anası dərzi, atası peşəkar hərbçi olub. Bəlkə də buna görədir ki, bir tərəfdən dəb duyğusu, digər tərəfdən öz fikirlərini dəqiq və aydın şərh etmək bacarığı valideynlərindən ona irsən keçib.
Yeni xarici işlər nazirinin siyasi karyerası AFR-in ən kiçik federal əyaləti olan Saarda başlayıb. 1996-cı ildə o, Saarda ekologiya, energetika və nəqliyyat məsələləri üzrə nazirlikdə stats-sekretar olub. İki ildən sonra bu idarəyə rəhbərlik edib və beləliklə, Almaniyada ən gənc nazir olub.
Lakin növbəti, 1999-cu ildə sosial-demokratlar Saarda əyalət seçkilərində uduzdular, Mas öz vəzifəsini itirdi və landtaqda müxalifətə başcılıq etməyə başladı. 2004-cü və 2009-cu ildə ASDP-ni hakimiyyətə qaytarmaq üçün onun göstərdiyi cəhdlər hədər oldu. Mas yalnız 2012-ci ildə mühafizəkarlarla koalisiyada kiçik tərəfdaş kimi əyalət hökumətinə qayıtdı. Lakin bu da çox davam etmədi.
2013-cü ildə Mas Angela Merkelin üçüncü hökumətində ədliyyə naziri vəzifəsini tutdu. Əvvəlcə mühafizəkar daxili işlər naziri ilə onun arasında münaqişə yarandı, çünki Mas hesab edirdi ki, nazir vətəndaşların hüquq və azadlıqlarını boğur. 2016-cı ilin dekabr ayında islamçılar tərəfindən Avropanın müxtəlif ölkələrində, o cümlədən Berlindəki milad bazarında törədilmiş silsilə terror aktlarından sonra Mas özünün əvvəlki hüquq müdafiəçisi mövqelərindən geri çəkildi.
O, Almaniya vətəndaşlarının çoxsaylı kommunikasiya məlumatlarının elektron formada saxlanması ilə də, hüquq-mühafizə orqanlarının fikrincə terror aktı törədə biləcək şəxslər üçün “elektron qandallar” tətbiq edilməsi ilə də barışdı.
Təəccüblü də olsa, Hayko Masın mühafizəkarlara güzəştə getməsi onun bütövlükdə müsbət imicinə ciddi xələl gətirməyib. Belə olmasaydı, ASDP liderləri Xarici İşlər Nazirliyinə rəhbərlik məsələsini ona təklif etməzdilər. Görünür, Mas elə nadir siyasətçilərdəndir ki, onlar məğlub olsalar da sonda qaliblər kimi görünür. ASDP liderlərinin məhz Hayko Ması seçmələri həm də onunla bağlı ola bilər ki, aşağı partiya təşkilatları təkidlə yenilənmə tələb edirlər. Onlar istəyirlər ki, 2021-ci ildə keçiriləcək seçkilərdə kansler vəzifəsinə onların namizədinin qalib gəlmək şansı real olsun. Almaniyada xarici işlər naziri vəzifəsi bu vəzifəni tutan şəxsin hər hansı başqa vəzifə ilə müqayisədə daha çox məşhurlaşmasını və populyarlaşmasını təmin edir, bu isə ASDP-də Hayko Ması kansler etmək fikrinə düşəcəkləri halda onun təbliğ edilməsi üçün zəruridir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin