Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının konfransı keçirilmişdir
Bakı, 16 aprel (AZƏRTAC, Əziz Məmmədov). Aprelin 17-də qeyd olunan Ümumdünya Hemofiliya Günü ərəfəsində Beynəlxalq Mətbuat Mərkəzində Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının (HXRA) konfransı olmuşdur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə təşkil edilmiş tədbir maarifləndirmə məqsədi daşımışdır.
AZƏRTAC xəbər verir ki, HXRA-nın sədri Gülnarə Hüseynova bildirmişdir ki, Azərbaycanda 1452 hemofiliyalı xəstə qeydə alınmışdır. Onların 350 nəfəri (23 faizi) yaşı 18-dək olan uşaqlar, təqribən yarısı (700 nəfər) 18-40 yaşlı, 402-si isə yaşı 40-dan yuxarı olan xəstələrdir.
O vurğulamışdır ki, Azərbaycanda hemofiliya xəstəliyi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı qəbul edilmişdir. Proqrama görə, hemofiliyadan əziyyət çəkən bütün xəstələr dövlət büdcəsi hesabına bahalı preparatlarla təmin olunurlar. Ölkədə "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət
qayğısı haqqında" Qanun fəaliyyət göstərir.
Hemofiliyalı xəstələrin böyük əksəriyyəti Gəncədə və Şirvanda (müvafiq olaraq 130 və 114) yaşadığı üçün məhz həmin bölgələrdə regional diaqnostika mərkəzləri yaratmaq nəzərdə tutulmuşdur. Gəncədə 13 rayonun, Şirvanda isə 9 rayonun sakinləri mərkəzin xidmətlərindən istifadə edəcəklər. Bununla belə, Azərbaycanda hemofiliyalı xəstələrin müalicəsi üçün dərman preparatı - qanın laxtalanması üçün faktor konsentratı çatışmır. Beynəlxalq standartlara görə, bu dərman say hesabı ilə alınır. Dünya Səhiyyə Təşkilatının hesablamalarına görə, alınan dərmanların miqdarı hemofiliyalı xəstələrin sayına müvafiq olmalıdır. Azərbaycanda bu preparat hər bir xəstə üçün iki vahid, Rusiyada 12, Macarıstanda 6 vahid alınır. Azərbaycan üçün alınan dərmanların sayı az olduğundan müalicə-profilaktika işləri aparmaq qeyri-mümkündür, regionlarda yaşayan xəstələrə isə çox az dərman verilir. G.Hüseynova bildirmişdir ki, assosiasiya hər bir xəstəyə heç olmasa dörd vahid preparat alınması üçün hökumətə müraciət etmişdir.
Qeyd edək ki, Ümumdünya Hemofiliya Günü iki tanınmış beynəlxalq qurumun - Dünya Səhiyyə Təşkilatının və Ümumdünya Hemofiliya Federasiyasının təşəbbüsü ilə ilk dəfə 1989-cu ildə qeyd edilmişdir. Təşkilatçılar Hemofiliya Gününü qeyd etmək üçün 17 aprel tarixini təsadüfən seçməmişlər. Bu, məhz həmin gün dünyaya gələn Ümumdünya Hemofiliya Federasiyasının banisi Frenk Şnaybelə bir növ ehtiram əlamətidir.
Hazırda Ümumdünya Hemofiliya Günü dünyanın 18 ölkəsində, o cümlədən Azərbaycanda qeyd olunur.