HƏMRƏYLİK GÜNÜ FRANSADA QEYD OLUNMUŞDUR
Dekabrın 30-da Parisdə Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə mərasim keçirilmişdir.
Fransadakı azərbaycanlı icmasının nümayəndəsi Qulam Abyar mərasimi açaraq demişdir ki, qəlbində Vətən eşqi, məhəbbəti döyünən soydaşlarımızın həyatında bu bayramın öz yeri var və dünyanın müxtəlif guşələrində yaşayan həmvətənlərimiz onu təntənəli şəkildə qeyd edirlər.
Respublikamızın Fransadakı səfiri Eleonora Hüseynova mərasim iştirakçılarını əlamətdar gün, habelə Yeni il münasibətilə təbrik edərək, həmvətənlərimizin milli birliyinə nail olmaq kimi çox vacib bir məqsəd naminə irəli sürülmüş təşəbbüsün - 31 dekabrın Dünya azərbaycanlılarının həmrəyliyi günü elan edilməsinin Azərbaycan Prezidenti Heydər Əliyevin tarixi xidmətlərindən biri olduğunu vurğulamışdır. Fransada erməni diasporunun güclü olduğunu xatırladan səfir bu ölkədə yaşayan soydaşlarımızı gənc müstəqil dövlətimiz ətrafında sıx birləşməyə çağıraraq demişdir ki, Azərbaycan həqiqətlərini məhz burada geniş yaymaq, ictimaiyyətə çatdırmaq hər bir azərbaycanlının borcudur.
Daha sonra Azərbaycan mahnıları səslənmiş, milli rəqslərimiz ifa olunmuşdur.
Mərasim iştirakçılarına Azərbaycan və rus dillərində nəşr olunmuş “Heydər Əliyev: Azərbaycan bütün azərbaycanlıların vətənidir”, “Azərbaycançılıq haqqında düşüncələr” kitabları, Xocalı faciəsində dair nəşrlər, habelə respublikamıza aid internet saytlarının siyahısı paylanmışdır.
X X X
Dekabrın 31-də Strasburqda da Dünya azərbaycanlılarının həmrəyliyi gününə həsr edilmiş mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nümayəndəliyin başçısı səfir Aqşin Mehdiyev mərasim iştirakçılarını - Strasburqda yaşayan soydaşlarımızı əlamətdar gün münasibətilə təbrik etmişdir, O, iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevin, habelə Milli Məclisin dünya azərbaycanlılarına müraciətlərinin məzmunu ilə tanış edərək, dövlətimizin başçısının apardığı məqsədyönlü və uğurlu siyasət nəticəsində müstəqil respublikamızın beynəlxalq nüfuzunun getdikcə artdığını vurğulamış, xaricdə yaşayan azərbaycanlıları ümummilli maraqlar naminə daha sıx birləşməyə cağırmışdır.
Əsgər Əliyev
AzərTac-ın xüsusi müxbiri
Paris