Həmrəylik günümüz doğma Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir
Zaqatala, 30 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birlik, milli mənəvi dəyərlərimizə hörmət, doğma Vətənə məhəbbət və bağlılıq hisslərini özündə təcəssüm etdirir. 31 dekabr dünyanın hər yerində Azərbaycan kəlməsinin ucadan səsləndiyi gündür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Zaqatala rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə keçirilən “Hər bir azərbaycanlı üçün - birlik, bərabərlik” mövzusunda vebinarda səsləndirilib.
Tədbirdə MKS-nin direktoru Gülniyar Məmmədova çıxış edərək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, bu tarixi günün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə, ən başlıcası isə mənəvi ehtiyaca çevrilib. 29 il əvvəl ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi, ümumi milli diasporun formalaşması və lobbi fəaliyyətinin inkişafı prosesinin başlanğıcını qoyub.
Onlayn formada keçirilən tədbirdə, həmçinin kitabxananın əməkdaşları tərəfindən “Hər bir azərbaycanlının birlik günü”, “Həmrəyliyin Azərbaycan nümunəsi”, “Daha güclü və qüdrətli Azərbaycan” və digər mövzularda məruzələr səsləndirilib.