Həmyerlilərimiz Tatarıstanda keçirilən müsabiqədə birincilik qazanıb
Bakı, 23 noyabr, AZƏRTAC
Rusiya Federasiyası Tatarıstan Respublikasında çox maraqlı və maarifləndirici aksiya - “Tatarıstanda yaşayan xalqların ana dillərində imla yazı” müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Maarif Nazirliyinin təşkilatçılığı ilə respublika üzrə keçirilən aksiyada 16 xalqın nümayəndələri: Azərbaycan, türk, ərəb, gürcü, alman, özbək, qırğız, çivaş, udmurt, yakutlar və digər xalqlar iştirak ediblər.
Müsabiqədə yüksək nəticə göstərmiş iştirakçıların sayına görə azərbaycanlılar digər xalqların təmsilçilərindən üstün olublar. Həmyerlilərimizin yazdığı imlanın mətni Qız qalası haqqında olub.
Qeyd edək ki, bu aksiya Tatarıstanda ikinci dəfədir keçirilir. İlk dəfə ötən ilin oktyabr ayında keçirilən müsabiqədə də azərbaycanlılar birinci olublar. Bu müsabiqədə həmvətənlərimizin fəal iştirakının əsas təşkilatçılarından biri də Kazan şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Vasif Abdullayevdir.