İQTİSADİYYAT
HESABLAMA PALATASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ GENİŞLƏNİR
Azərbaycan Hesablama Palatasının sədri Namiq Nəsrullayev Avropa Ali Audit Qurumları Təşkilatının (EUROSAİ) dəvəti ilə Mərkəzi Avropa və yeni müstəqillik əldə etmiş ölkələrin ali maliyyə nəzarəti orqanları rəhbərlərinin Xorvatiyanın Zaqreb şəhərində keçirilən toplantısında iştirak etmişdir. Strateji planlaşdırma məsələlərinə həsr olunmuş tədbirdə N.Nəsrullayevin “Büdcə prosesində ali maliyyə nəzarəti orqanlarının iştirakı” mövzusunda məruzəsi də dinlənilmişdir.
Hesablama Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, toplantıda ali maliyyə nəzarəti orqanlarının peşəkar kadrlarla komplektləşdirilməsi sisteminin beynəlxalq standartlara uyğun qurulması, bu sahədə çalışanların ixtisasının artırılması məsələləri müzakirə olunmuşdur. Hər 3-5 ildən bir ali audit qurumları əməkdaşlarının attestasiyasını, habelə onların işə qəbulu zamanı EUROSAİ-in Tədris Komitəsinin və İNTOSAİ-in (Beynəlxalq Ali Audit Qurumları Təşkilatı) İnkişaf İnstitutunun birgə hazırladıqları xüsusi test yoxlamaları keçirmək qərara alınmışdır.
X X X
Yaponiyanın Tokio şəhərində Orta Asiya və Qafqaz respublikaları mərkəzi dövlət idarəetmə strukturlarının rəhbərləri üçün seminar keçirilmişdir. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi \JİCA\ və Yaponiya Dövlət Təftiş Komissiyası tərəfindən təşkil olunmuş bu tədbirdə Azərbaycanı Hesablama Palatasının sədr müavini Abbas Allahverdiyev təmsil etmişdir. Tədbir iştirakçıları Yaponiyanın inzibati-dövlət, maliyyə-mühasibat, inzibati-təftiş sistemləri ilə tanış olmuş, fikir mübadiləsi aparmışlar. Azərbaycan nümayəndəsi səfər müddətində bir sıra faydalı görüşlər keçirmişdir.
Yaponiyanın müvafiq qurumları nümayəndələrinin gələn ay Bakıya səfəri gözlənilir.