HESABLAMA PALATASININ NÜMAYƏNDƏ HEYƏTİ POLŞAYA SƏFƏRƏ YOLA DÜŞMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 2-də Avropa ölkələrinin Ali Audit Qurumlarının (EUROSAL) VII konqresinin işində iştirak etmək üçün Polşanın Krakov şəhərinə yola düşmüşdür.
Hesablama Palatasının mətbuat xidmətindən bildirmişlər ki, 47 ölkənin ali maliyyə nəzarəti orqanları nümayəndələrinin qatıldığı konqresdə Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndələri “Ali Audit Qurumunda auditin keyfiyyətinin idarəolunma sisteminin yaradılması”, “Təhsilin auditi” və “Əlil şəxslərin peşəkar inteqrasiyası üzrə proqramların auditi” mövzularında müzakirələrə qatılacaq, habelə EUROSAL-ın müxtəlif komissiyalarının və işçi qruplarının işində iştirak edəcəklər. Konqres ayın 5-də başa çatacaqdır.
İyunun 9-dan 11-dək Hesablama Palatasının sədri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti Qətərın paytaxtı Doha şəhərində keçiriləcək “Korrupsiyasız Asiya: uzunmüddətli baxış” mövzusunda beynəlxalq konfransda da iştirak edəcəkdir.
Konfransda Birləşmiş Millətlər Təşkilatının, Dünya Bankının, Beynəlxalq Şəffaflıq Təşkilatının, digər beynəlxalq qurumların, Avropa, Asiya, Avstraliya ölkələrinin korrupsiyaya qarşı mübarizə təşkilatlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə “Korrupsiyanın aşkar edilməsi və araşdırılması üzrə fəaliyyətin səmərəliliyinin artırılması”, ”Korrupsiyanın qarşısının alınması praktikasının gücləndirilməsi”, “Korrupsiyaya qarşı mübarizədə maarifləndirmə və ictimai məlumatlandırma işinin təkmilləşdirilməsi” və s. mövzular üzrə müzakirələr aparılacaqdır.