ELM VƏ TƏHSİL
Həştərxan Dövlət Universitetinin nümayəndəsi Azərbaycan Dillər Universitetində olmuşdur
Bakı, 10 aprel (AZƏRTAC). Həştərxan Dövlət Universiteti Dil İnstitutunun direktoru Olqa Yeqorova Azərbaycan Dillər Universitetində (ADU) olmuşdur.
ADU-dan AZƏRTAC-a bildirmişlər ki, görüşdə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov ADU ilə Həştərxan Dövlət Universiteti arasında əlaqələrin inkişafından söz açmış, əməkdaşlığın əhəmiyyətindən danışmışdır. Rektor əməkdaşlığa hazır olduğunu, əlaqələrin inkişafının hər iki tərəf üçün faydasını qeyd etmişdir.
O.Yeqorova Həştərxan Dövlət Universitetində Azərbaycan dilinin tədris olunduğunu və bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırmışdır.
Görüşdə gələcək əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və digər məsələlər müzakirə olunmuşdur.