Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur
Lənkəran, 8 may, Bağır Əliyev, AZƏRTAC
Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarxa baxıblar.
Konfransda çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, bu tarixi xidmətlər xalqımız tərəfindən həmişə ehtiramla xatırlanır.
O müasir Azərbaycan dövlətinin inamla irəliləyərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinin Ulu Öndərin müdrik düşüncəsi və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb.
T.Qaraşov ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində Lənkəran rayonunun da daim inkişaf etdiyini qeyd edib. Bildirib ki, bu gün Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rayonun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı müvafiq Sərəncamların icrası nəticəsində iqtisadiyyatın bütün sahələrində, sənayedə, kənd təsərrüfatında, mədəni quruculuqda böyük uğurlar qazanılıb.
Sonra şəhər icra hakimiyyəti başçısının müavini Rasilə Əliyevanın məruzəsi dinlənilib.
Digər çıxış edənlər Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərindən danışıblar.