“HEYDƏR ƏLİYEV VƏ İÇƏRİŞƏHƏR” FOTOALBOMU TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 8-də “Muğam” Teatrında ümummilli lider Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Heydər Əliyev və İçərişəhər” fotoalbomunun təqdimat mərasimi keçirilmişdir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Kamran İmanov tədbiri açaraq bildirmişdir ki, adı tarixin səhifələrinə qızıl hərflərlə yazılmış Heydər Əliyev Azərbaycanı sürətli inkişaf yoluna çıxardığı kimi, onun maddi mədəniyyət irsinin, memarlıq abidələrinin qorunması və bərpası sahəsində də çox böyük işlər görmüşdür. Azərbaycanda bir çox qədim memarlıq abidələri ümummilli liderimizin diqqət və qayğısı sayəsində təmir və bərpa edilmiş, xeyli yeni memarlıq abidələri yaradılmışdır. Hamımız yaxşı bilirik ki, ümummilli liderin vaxtilə imzaladığı müvafiq sərəncamlar qədim abidələrin, o cümlədən açıq havada muzeyin, dünya mədəniyyətinin bir hissəsi sayılan İçərişəhərin mühafizəsinin maddi və hüquqi təminatıdır. Bizim qəlbimiz tarixi abidələrin qorunmasına daim qayğı ilə yanaşan Heydər Əliyevə sonsuz minnətdarlıq hissi ilə doludur. Ümummilli liderimiz mədəniyyətimizin, memarlığımızın humayədarı olmuşdur. Müdrik siyasi xadimin uzaqgörən siyasətinin nəticəsidir ki, artıq İçərişəhər YUNESKO-nun dünya mədəniyyəti irsi siyahısına daxil edilmişdir. Bütün bu məsələlər barədə təqdimatına toplaşdığımız fotoalbomda geniş bəhs olunmuşdur.
İçərişəhərin qədim memarlıq abidələrinin birində yerləşən Miniatür Kitab Muzeyinin direktoru Zərifə Salahova da fotoalbomun əhəmiyyətini qeyd etmiş və xatirələrini bölüşərək, 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimini xatırlamışdır. O zaman Heydər Əliyev böyük proqram nitqi ilə çıxış etmişdi. Onun andiçmə mərasimindəki nitqini miniatür kitab şəklində nəşr etdirmək ideyası da o zaman yaranmışdır. Z.Salahova demişdir: Mən Moskvanın 5 nömrəli nəşriyyatında Azərbaycan, ingilis və rus dillərində “Heydər Əliyevin andiçmə mərasimində nitqi” miniatür (38x53mm) kitabını sifariş verdim. 1995-ci il iyunun 3-də M.F.Axundov adına kitabxanada bu nəşrin təqdimat mərasimi keçirildi.
“Heydər Əliyev və İçərişəhər” fotoalbomunun təqdimat mərasimində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Məşədixanım Neymətova, Milli Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Fərhad Vahabov, Nazirlər Kabinetinin təmsilçisi İsmayıl Sadıqov və başqaları iştirak etmişlər.
######
![]() |
![]() |

