“HEYDƏR ƏLİYEVİN NEFT STRATEGİYASININ TƏNTƏNƏSİ” MİNİATÜR KİTABININ TƏQDİMATI
İctimai təşkilatların nümayəndələrinin, tanınmış ziyalıların iştirak etdikləri mərasimdə Respublika “Kitab” Cəmiyyətinin sədri Zərifə Salahova qurumun yarandığı illər ərzində görülən işlər barədə iştirakçılara qısa məlumat vermişdir. Zəmanəmizin görkəmli siyasi xadimi, ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlı respublikamızda ilk miniatür kitabın məhz cəmiyyət tərəfindən nəşr edilməsi xüsusi vurğulanmışdır. Bu, ümummilli liderin 1993-cü ildə ilk andiçmə mərasimindəki nitqinin ”Vətənə, Dövlətə, Xalqa sədaqət andı” adı ilə Azərbaycan, rus və ingilis dillərində nəşr edilmiş kitabdır. Z.Salahova cəmiyyət tərəfindən Heydər Əliyevin neft strategiyası haqqında ilk kitabı – “Əsrin müqaviləsi” –Azərbaycan, neft, siyasət” kitabını 1998-ci ildə ümummilli liderimizin 75 illiyi münasibətilə miniatür formatda, medalla birlikdə buraxıldığını, təqdimatı keçirilən 30 rəngli şəkilli, 382 səhifəlik, 38x53 millimetr ölçülü, Azərbaycan və rus dillərində 500 nüsxə tirajla nəşr edilmiş “Heydər Əliyevin neft strategiyasının təntənəsi”nin isə bu seriyadan üçüncü kitab olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, kitabda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin istifadəyə verilməsinə həsr olunmuş təntənəli mərasimdə Azərbaycan, Türkiyə və Gürcüstan dövlətləri rəhbərlərinin, eləcə də digər rəsmi şəxslərin çıxışları öz əksini tapmişdir. Natiq 1994-cü ildən bəri “Kitab” Cəmiyyətinin ümummilli lider Heydər Əliyevin fəaliyyəti ilə bağlı 20-dən çox miniatür kitab buraxdığını söyləmiş və qurumun gələcək planları haqqında məlumat vermişdir.
Sonra Dövlət Neft Şirkətinin birinci vitse-prezidentinin müşaviri, professor Eldar Şahbazov, Milli Məclisin deputatı Elmira Axundova, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev və başqaları çıxış edərək muzeyin nəcib təşəbbüsünü, təqdim olunan kitabı yüksək qiymətləndirmişlər.
Tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov iştirak etmişdir.