HEYDƏR ƏLİYEVİN RƏHBƏRLİYİ İLƏ YARANMIŞ YAP ÜMUMXALQ PARTİYASINA ÇEVRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, YAP Culfa Rayon Təşkilatında ulu öndər Heydər Əliyevin 85 illik yubileyi münasibətilə “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Culfa rayon təşkilatının sədri Qadir İbrahimov məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev ölkəmizi qısa müddətdə vətəndaş müharibəsindən, xaosdan xilas etmişdir. Dahi şəxsiyyətin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə hüquqi, demokratik cəmiyyət qurulmuş, sosial inkişafı üçün möhkəm təməl qoyulmuşdur. Ulu öndərin müəyyənləşdirdiyi strateji xətt bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Natiq vurğulamışdır ki, Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə yaranmış Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Bu gün rayon təşkilatı 82 ərazi ilk təşkilatından ibarətdir və öz ətrafında 4.210 nəfəri birləşdirir. Təşkilatın sıraları getdikcə genişlənir.
Tədbirdə çıxış edənlər bildirmişlər ki, Heydər Əliyevin zəngin irsi Azərbaycanın gələcək inkişafını və tərəqqi yolunu müəyyən edən etibarlı göstəricidir.
Konfransda məktəblilər ulu öndər Heydər Əliyevə, Vətənə həsr olunmuş şeirlər söyləmişlər.
Sonda YAP sıralarına qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunmuşdur.