HEYDƏR ƏLİYEVİN SİYASİ İRSİ ELMİ CƏHƏTDƏN ARAŞDIRILARAQ MİLLİ SƏRVƏT KİMİ GƏLƏCƏK NƏSİLLƏRƏ ÇATDIRILMALIDIR
Yeni Azərbaycan Partiyası ölkəmizin başçısı Heydər Əliyevin hakimiyyətə gəlməsinin 34 illiyi münasibətilə dəyirmi masa keçirmişdir.YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq Heydər Əliyevin yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyətindən danışmışdır. Milli Məclisin deputatı, tarixçi alim Yaqub Mahmudov “Heydər Əliyev hakimiyyətinin mahiyyəti, məqsədi, istiqamətləri və nəticəsi” mövzusunda mərüzə ilə çıxış etmişdir. Natiq Azərbaycanın dövlət müstəqilliyinin bərpasında Heydər Əliyev şəxsiyyətinin əhəmiyyətli rolundan danışmış və XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasının məhz həmin dövrdə ümummilli liderin olmaması ilə birbaşa bağlılığını qeyd edərək oxşar müqayisələr aparmışdır.Alim bildirmişdir ki, Heydər Əliyev hələ Azərbaycan SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin sədri olduğu illərdə hüquq mühafizə orqanlarının şəxsi heyətlərində milli kadrların yerləşdirilməsi, milli oyanışa təsir edən fəaliyyəti ilə seçilən ziyalılara qarşı repressiyaların qarşısının alınması istiqamətində təqdirəlayiq işlər görərək 1937-ci il dəhşətlərinin təkrar olunmasına imkan verməmişdir. Məruzəçi bilavasitə elm və təhsil məsələlərinə toxunaraq dedi ki, Heydər Əliyevin 1969-cü ildən başlayaraq həyata keçirdiyi təhsil siyasəti müstəqil Azərbaycanın dünəni, bu günü və gələcəyi üçün son dərəcə qiymətli olan sərvətə çevrilmişdır. Ölkəmizdəki ali məktəblərin strukturlarının genişləndirilməsi və maddi-texniki bazalarının gücləndirilməsi, azərbaycanlı gənclərin keçmiş İttifaqın nüfuzlu ali, xüsüsilə də, ali-hərbi məktəblərində təhsil almasına nail olmaq Azərbaycanın gələcəyi üçün atılan uzaqgörən addımlardan olmuşdur. Natiq məruzəsini yekunlaşdıraraq demişdir ki, dünyanın nadir şəxsiyyətlərindən olan Heydər Əliyevin 34 illik və bundan sonrakı siyasi fəaliyyəti dərindən araşdırılmalı və elmi cəhətdən təhlil olunaraq qiymətli milli sərvət kimi gələcək nəsillərə çatdırılmalıdır. Milli Məclisin deputatı Nizami Cəfərov isə “Tarixi şərait və ümummilli lider” mövzusu üzərində fikirlərini bölüşmüşdür. Alim qeyd etmişdir ki, Heydər Əliyevi Azərbaycanın son 150 illik tarixində olan digər liderlərdən fərqləndirən əsas, əhəmiyyətli və nadir üstünlük odur ki, ölkəmizin başçisi düşüncəsində olan nəzəriyyələri reallaşdırmaq qüdrətinə malik siyasi şəxsiyyət və dövlət xadimi, bir sözlə əfsanələri gerçəkləşdirən ümümmilli liderdir. Ölkəmizin başçısı Azərbaycanın yaxın və uzaq tarixini dərindən bildiyindən, hər dövrün rəhbərlərinin siyasi fəaliyyətini düzgün təhlil edərək onların səhvlərini araşdırdığından, beynəlxalq aləmdə tükənməz nüfuz qazandığından, zəngin dövlətçilik təcrübəsinə və fenomen yaddaşa malik olduğundan, ayrı-ayrı dövrlərdə xalqımızın taleyini müəyyənləşdirən digər şəxsiyyətlərdən fərqli olaraq, tarixi şəraitlərə uyğun və dövlətçilik baxımından düzgün qərarlar qəbul etmiş, bunları reallaşdıra bilmişdir.Dəyirmi masada iştirak edən Milli Məclisin digər deputatları və tanınmış ziyalılar fikir və mülahizələrini bölüşərək, müxalifətin avantürist əməllərinə qarşı mübariz olmağın vacibliyindən danışmışlar. Natiqlər əminliklə bildirmişlər ki, Azərbaycan xalqı növbəti prezident seçkilərində də öz siyası taleyini Heydər Əliyevə etibar edəcəkdir.