Himayəçilər Şurasının iclasında BDU-nun strateji inkişaf planı müzakirə edilib
Bakı, 2 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Himayəçilər Şurasının növbəti iclası keçirilib.
Əvvəlcə şəhidlərin əziz xatirəsi anılıb.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, iclasda universitet Himayəçilər Şurasının sədri, təhsil naziri Emin Əmrullayev gündəlikdəki məsələlər barədə məlumat verib. Nazir çıxışında təhsil sahəsində aparılan islahatlardan danışıb, ali təhsil sistemi ilə bağlı mövcud pandemiya şəraitində görülmüş işlərə, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar həyata keçirilən mühüm tədbirlərə toxunub.
İclasda 2021-2030-cu illər üçün BDU-nun strateji inkişaf planı, tədris prosesinin təşkili, tədqiqat və innovasiyalar üzrə görülən işlər və cari məsələlər müzakirə edilib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev məruzə ilə çıxış edərək 2021-ci ildə universitetin fəaliyyəti, BDU-da təhsil, elm, innovasiyalar, sosial layihələr, beynəlxalq əməkdaşlıq sahəsində reallaşdırılmış tədbirlər haqqında məlumat verib. Rektor universitetdə COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2021-ci ildə tədris prosesinin təşkili, beynəlxalq ikili diplom proqramlarının fəaliyyətə başlaması, xarici mütəxəssislərin BDU-da tədris prosesinə cəlb olunması, yeni akademik mühitin yaradılması, elmi fəaliyyətin təkmilləşdirilməsi, əməkdaş və tələbələrin sosial rifahının qorunması istiqamətində görülmüş işlərdən bəhs edib.
Gündəlikdəki məsələlər üzrə müzakirələrdə Şura üzvləri öz fikir və təkliflərini bildiriblər.
Himayəçilər Şurası ali təhsil müəssisələrinin inkişafına yardım edən, ictimai əsaslarla fəaliyyət göstərən strukturdur. Şuranın səlahiyyətlərinə BDU-nun strateji inkişaf proqramını təsdiq etmək, universitetin fəaliyyət istiqamətlərinə nəzarət etmək, elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə, beynəlxalq əlaqələrinin qurulmasına dəstək vermək kimi məsələlər daxildir.