MƏDƏNİYYƏT
Hind əsilli cazmenin ifası alqışlarla qarşılanmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçirilən ənənəvi Beynəlxalq caz festivalı çərçivəsində oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində növbəti konsert verilmişdir.
AZƏRTAC xəbər verir ki, konsertdə hind əsilli, hazırda ABŞ-da yaşayan caz alt saksofon ifaçısı və bəstəkar Rudreş Mahanthappanın rəhbərlik etdiyi qrupun ifasında özünün yazdığı əsərlər (“Killer”, “For all the ladies”, “For my lady”, “Blakjack” və s.) ifa olunmuşdur.
Rudreş Mahanthappa Berklee Musiqi Kollecini, daha sonra Çikaqo DePaul Universitetini bitirmişdir. 2010-cu ildə “Rising Star Jazz Artist”, “Rising Star Alto Saxophonist” mükafatlarına layiq görülmüşdür. 2011-ci ildə “İlin alt-saksofon ifaçısı”, “Grammy 2011” müsabiqəsinin qalibi olmuş, bəstələrinə görə dəfələrlə qrantlar almışdır. İndiyədək beş musiqi albomu yazdırmışdır. Bəstələdiyi və ifa etdiyi musiqi Nyu-Yorkun caz səhnəsində ön sırada durur. O, 2010-cu ildən bu şəhərdə yaşayaraq Yeni Məktəb Universitetində (New School University) dərs deyir.
Hazırda 7 layihənin yaradıcısı və təşkilatçısıdır.
Rudreş Mahanthappanın Bakı səhnəsində ifası göstərmişdir ki, həqiqətən də caz qloballaşan cəmiyyətdə insanları birləşdirən mədəni vasitələrdən biridir.
Salonda müxtəlif xalqlara mənsub tamaşaçılar cazmenin ifasını hərarətlə qarşılamışlar.