Ölkə ərazisində yaş barama tədarükünə başlanılıb
Mövsümün ilk günündə zaqatalalı istehsalçılardan 216 kiloqram yaş barama qəbul olunub
Zaqatala, 1 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Respublikamızda ilk olaraq iyunun 1-də Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən baramaqurutma məntəqəsinə kümçülər tərəfindən 216 kiloqram yaş barama təhvil verilib.
AZƏRTAC-ın bölgə müxbiri məntəqədə olub, kümçülərdən yaş baramanın qəbulu prosesi ilə maraqlanıb.
Müəssisənin direktoru Faiq Köngülovun sözlərinə görə, builki mövsümdə rayonda yaş barama istehsalının 26 tona çatdırılması proqnozlaşdırılır. Barama yetişdirilməsi üçün 200-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 650 qutu, yəni 12 kiloqram 350 qram ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də ipəkqurdu toxumu məntəqənin özündə inkubasiya olunub.
Cari mövsümün ilk məhsulunu müəssisəyə Mosul kənd sakini Səbuhi Əsgərov təhvil verib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 90,5 kiloqram gəlib.
Kümçü AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq gəlirli sahə olduğundan, uzun illərdir ki, barama yetişdirməklə məşğul olur. Bu il müəssisədən 2 qutu, yəni 38 qram ipəkqurdu götürüb, 100 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub.
Mosul kənd ərazi icra nümayəndəsi Elman Sulxayevin sözlərinə görə, cari mövsümdə kənddə 14 kümçü ailəsinə 28 qutu ipəkqurdu paylanılıb. Bu il kənd üzrə yaş barama istehsalının 1,1 tona çatacağı gözlənilir.
Rayonun Mazıx kəndindən Əminət Umrayeva isə mövsümün ilk günündə müəssisəyə 12 kiloqram yaş barama təhvil verib. Bu il həmin kənddə 5 ailə baramaçılıqla məşğul olur. Onlara 11 qutu ipəkqurdu paylanılıb. Kümçülər 600 kiloqramadək yaş barama istehsal etməyi planlanlaşdırırlar.
Mövsümün ilk günündə rayonun Maqov və Faldarlı kəndinin kümçüləri də məntəqəyə 100 kiloqrama yaxın yaş barama təhvil veriblər.
Müəssisədə yaş baramanın qəbulu “Azəripək” MMC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir.
Qeyd edək ki, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdirilib. Kümçülərə əvəzsiz olaraq 9 min qutu ipəkqurdu paylanılıb. İpəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Bərdə, Ağsu, Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində həyata keçirilib.
Ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək.