İDMAN
Yekaterinburqda azərbaycanlı tələbələr arasında minifutbol turniri keçirilib
Moskva, 1 iyun, AZƏRTAC
Yekaterinburqda təhsil alan azərbaycanlı tələbələr arasında 3-cü minifutbol turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, turnir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycanın Yekaterinburqdakı baş konsulluğunun təşkilatçılığı, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının və Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) Sverdlovsk vilayətindəki bölməsinin dəstəyi ilə təşkil olunub.
Yarışlarda ümumilikdə 8 komanda iştirak edib.
Turnirin açılış mərasimində çıxış edən baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski, RAGB-nin Sverdlovsk vilayəti üzrə nümayəndəliyinin rəhbəri Toğrul Həsənzadə Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili”nin və bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyətindən bəhs ediblər.
Çıxışlardan sonra yarışlara start verilib. Oyunların nəticələrinə əsasən 1-ci yeri “Azklub UrFU” komandası, 2-ci yeri “Araz UrFU” komandası, 3-cü yeri isə “Laçın” komandası tutub. İlk 3 yerin sahiblərinə turnirin kuboku, medalları və baş konsulluq tərəfindən müxtəlif məbləğdə pul mükafatları təqdim olunub.
Turnirdə Nəbi Nəbiyev (Ən yaxşı qapıçı), Namiq İbrahimov (Ən çox qol vuran), Nihad İsayev (Ən yaxşı oyunçu) və Rəfail Qurbanov (Ən yaxşı müdafiəçi) da təltif olunublar. Komandaların digər üzvlərinə turnirdə iştirak etdiklərinə görə təşəkkürnamə verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq