İDMAN
Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq
![Azərbaycan millisinin voleybolçusu: Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq](/files/2024/2/1200x630/17172656052972612990_1200x630.jpg)
Bakı, 1 iyun, AZƏRTAC
Sabah meydana qələbə qazanmaq üçün çıxacağıq.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Aynur İmanova Qızıl Avropa Liqasında Avstriya seçməsinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
O, reytinq xalı baxımından oyunun vacib olduğunu bildirib: "Ötən gün Estoniya seçməsinə qarşı oyunumuz yaxşı alındı. Çalışdıq ki, az səhv edək. Müdafiədə və qəbulda yaxşı oynadıq. Yarışa Xorvatiya üzərində qələbə ilə başlasaq da, sonradan müəyyən səbəblərdən nəticə əldə edə bilmədik. Bu barədə danışmaq istəmirəm. Çünki bəzən bunları bəhanə adlandırırlar".
Onun sözlərinə görə, məşqçinin tapşırıqlarını meydanda layiqincə yerinə yetirsələr, Avstriyanı məğlub edə bilərlər: "Meydanda layiqli mübarizə aparmağa çalışacağıq. Estoniyaya qarşı oyunu sabah da davam etdirmək istəyirik. Bizə ötən gün baş tutan görüşdə dəstəkləyən azarkeşlərə təşəkkür edirik".
Qeyd edək ki, Azərbaycan millisi Avstriya ilə iyunun 2-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qarşılaşacaq.