Hindistan Ali Məhkəməsi hakimiyyətdən havanın çirklənməsinə qarşı tədbir görməyi tələb edib
Bakı, 13 noyabr, AZƏRTAC
Hindistan Ali Məhkəməsi mərkəzi hakimiyyətdən ölkənin şimal hissəsində havanın çirklənməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyi tələb edib.
AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, məhkəmə, həmçinin Nyu-Dehli şəhərinin də daxil olduğu Dehli paytaxt dairəsinin, Uttar-Pradeş, Haryana və Pəncab ştatlarının hakimiyyət orqanlarından atmosferin çirklənməsi ilə mübarizə çərçivəsində görülən tədbirlər barədə məlumat verməsini tələb edib.
Hakimiyyət orqanlarının havanın çirklənməsinə qeyri-ciddi münasibəti və fəaliyyətsizliyi ilə bağlı petisiya Ali Məhkəməyə Dehlidən olan Aditiya Dubey adlı 17 yaşlı tələbə tərəfindən verilib.
Noyabrın 12-də Havanın Çirklənməsinə Nəzarət üzrə Hökumət Şurası ştatlara və yerli hakimiyyət orqanlarına fövqəladə nəzarət tədbirlərinə hazırlaşmaq barədə göstəriş verib. Belə ki, paytaxt ətrafındakı rayonlarda 4 mindən çox təbii yanğın qeydə alınıb.
Qeyd edək ki, Dehli yaxınlığında yerləşən Pəncab və Haryana əyalətləri ildə təxminən 18 milyon ton düyü istehsal edən mühüm kənd təsərrüfatı bölgəsidir. Rəsmi qadağaya baxmayaraq, payız aylarında məhsul yığımından sonra tarlalarda qalan 20 milyon ton saman çöpü və küləş ənənəvi olaraq yandırılır. Həmin dövr ərzində Dehlidə durğun hava şəraiti hökm sürdüyü üçün Hindistan paytaxtında havanın çirklənməsi kəskin şəkildə artır. Alimlərin fikrincə, belə hava ilə nəfəs almaq gündə 50 siqaret çəkməyə bərabərdir.