Hindistan S-400 kompleksləri üçün Rusiyaya avans ödəyib
Bakı, 29 avqust, AZƏRTAC
Hindistan S-400 zenit-raket komplekslərinə görə Rusiyaya avans ödəyib.
AZƏRTAC Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətdən bildiriblər.
Bir qədər əvvəl xidmət direktorunun müavini Vladimir Drojjov Moskvanın ilin sonuna qədər ilk ödəməni alacağı təqdirdə komplekslərin çatdırılmasının 2020-ci ildə başlayacağını və 2025-ci ildə yekunlaşacağını demişdi. 2018-ci il oktyabrın əvvəllərində imzalanan müqaviləyə əsasən, Rusiya Hindistana S-400 zenit-raket komplekslərinin beş polkunu çatdırmalıdır. Müqavilənin həcmi 5,43 milyard dollar təşkil edir.
Nyu-Dehli və Moskva arasında bağlanan silah sazişləri Hindistanı Cənubi Asiyada əsas tərəfdaşı hesab edən Vaşinqtonun tənqidinə hədəf olub. ABŞ S-400 zenit-raket kompleksləri üzrə əməkdaşlıqdan imtina etməyəcəyi təqdirdə Hindistanı sanksiyalarla hədələyib, Nyu-Dehli isə güzəştə getmək niyyətində olmadığını bildirib.
Uzaq məsafəli zenit-raket sistemi olan S-400 “Triumf” 2007-ci ildə Rusiyada silahlanmaya qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Hərəkət məsafəsi 400 kilometrdə çatan zenit-raket sistemi hədəfi 30 kilometrədək hündürlükdə vura bilir.
Hindistan Belarus, Çin və Türkiyədən sonra “Triumf” zenit-raket kompleksləri alan dördüncü ölkə olacaq.