Hindistanda bazarda baş verən yanğın 700-dən çox dükanı külə döndərib VİDEO
Bakı, 25 oktyabr, AZƏRTAC
Hindistanın Arunaçal Pradeş ştatında bazarda baş vermiş yanğın 700-dən çox dükanın külə dönməsinə səbəb olub.
AZƏRTAC Hindistan mediasına istinadla xəbər verir ki, Naqarlaqun şəhərində səhər erkən saatlarda baş verən hadisə nəticəsində xəsarət alan və ölən olmasa da, maddi ziyan xeyli böyükdür. Bildirilir ki, yanğın dükanlardan birində başlasa da, yanğınsöndürənlərin hadisə yerinə xeyli gecikməsi səbəbindən 700-dən çox dükan tamam yanıb. Bazarın rəhbərliyi yolun əks tərəfində yerləşən yanğından mühafizə bölməsinin əməkdaşlarını məsuliyyətsizlikdə ittiham edib və onların istefasını tələb edib. Etiraz aksiyası keçirən dükan sahibləri də yanğınsöndürənlər əleyhinə şüarlar səsləndiriblər və təzminat tələb ediblər.
Qeyd edək ki, bu, cari həftədə Naqarlaqun şəhərində 2-ci böyük yanğın hadisəsidir. Yanğın baş verən bazar şəhərdəki ən çox yaşı olan bazardır. Oradakı dükanların əksəriyyəti bambuk və ağacdan inşa edilib.