“HÖKMDARIN TALEYİ” BƏDİİ FİLMİNİN TƏQDİMAT MƏRASİMİ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, mayın 12-də Azərbaycan kinoteatrında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, xalq yazıçısı, Dövlət mükafatı laureatı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında çəkilmiş “Hökmdarın taleyi” bədii filminin təqdimat mərasimi keçirilmişdir.
Film ulu öndər Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişdir.
Filmin nümayişindən əvvəl jurnalistlərə müsahibə verən filmin ssenarisinin və dialoqların müəllifi Baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev demişdur: “Bir tamaşaçı kimi filmdən razıyam, film mənim xoşuma gəlir. Bilirsiniz ki, bu film İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesinin motivləri əsasında çəkilib. Vaxtilə ümummilli liderimiz Heydər Əliyev bu tamaşaya baxmış və səhnə arxasında yaradıcı kollektivlə görüşərkən bildirmişdir ki, bu pyes əsasında ikihissəli bədii film çəkmək lazımdır. Bundan sonra ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına uyğun olaraq “Hökmdar və qızı” pyesi əsasında ikiseriyalı “Hökmdarın taleyi” bədii filminin çəkilişlərinə başlanılmışdır. Film ən yeni texnologiyalarla çəkilmişdir və olduqca uğurlu alınmışdır. Bu gün tamaşaçılara təqdim edilən film xalqımızın ən ağrılı problemi olan Qarabağ və onun tarixinə həsr edilmişdir. Burada Qarabağ həqiqətlərinin tamaşaçıya çatdırılması üçün bütün imkanlarımızdan istifadə etmişik”.
Filmdə azərbaycanlı sənət ustaları ilə yanaşı, bir çox xalqları təmsil edən aktyorların da iştirak etdiyini bildirən xalq yazıçısı vurğulamışdır ki, bu ekran əsərinin coğrafi dairəsi olduqca genişdir.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vurğulamışdır ki, İlyas Əfəndiyev yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli nümayəndələrindən biridir. Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə və hamıdan çox İlyas Əfəndiyevin adı və əsərləri ilə bağlıdır.
Nazir demişdir ki, XX əsrin 50-60-cı illərindən etibarən ictimai həyatda baş verən dəyişiklikləri ilkin duyan, yeni insanı, onun mürəkkəb daxili aləmini, sevinc və qayğılarını, kədər və faciələrini özünəməxsus şəkildə əks etdirən yazıçılar arasında İlyas Əfəndiyevin xüsusi yeri vardır.
İlyas Əfəndiyevin həm nəsr, həm də dram əsərlərinin şirin dillə yazılması, ilk təsvirlərdən və dialoqlardan oxucu və tamaşaçının qəlbini fəth etməsi də xüsusi vurğulanmışdır. İlyas Əfəndiyev XX əsr Azərbaycan ədəbiyyatında nəsrimizə həyati konfliktlər, canlı xarakterlər, əlvan, təravətli bədii təsvir vasitələri gətirən, dramaturgiyamızda yeni lirik-psixoloji üsluba vətəndaşlıq hüququ verən, nəhayət, aktyor və rejissorların bütöv bir nəslinin yetişib püxtələşdiyi “İlyas Əfəndiyev teatrı”nı bərqərar edən sənətkar kimi şərəfli bir yer tutur.
Əbülfəs Qarayev diqqətə çatdırmışdır ki, xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında Elçinin ssenarisi ilə çəkilmiş “Hökmdarın taleyi” adlı ikiseriyalı bədii film XIX əsrin əvvəllərində Azərbaycanda gedən ictimai-tarixi proseslərdən, Gəncə və Qarabağda baş vermiş hadisələrdən bəhs edir. “A.S.V.A. Profi Studiya XXI” Prodüser Mərkəzinin lentə aldığı yeni ekran əsərində bir çox ölkələrin kino aktyorları da iştirak etmişlər.
Filmin quruluşçusu Ramiz Fətəliyev, Dilşad Fatxulin, baş prodüseri Vaqif Əsədullayev, quruluşçu rəssamı Əziz Məmmədov və bəstəkarı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.
Rollarda xalq artistləri Fəxrəddin Manafov, Yuri Baliyev, Rafiq Əliyev əməkdar artistlər Sənubər İsgəndərova, Pərviz Məmmədrzayev, aktyorlar Günəş Əliyeva, Vidadi Həsənov və başqaları çəkilmişlər.
Filmin konsepsiyası bütün azərbaycanlılar üçün ən aktual bir məsələyə - Qarabağ probleminə həsr edilmişdir və ekran əsərində milli ideya önə çəkilmişdir. Tariximizin ən qaranlıq məqamlarına işıq salan, parçalanmış Azərbaycan xanlıqlarının birliyi, bütövlüyü ideyasına xidmər edən film bütün iştirakçılarda böyük maraq döğurmuşdur.
######
![]() |
![]() |

