CƏMİYYƏT
Horadiz şəhərində nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
![](/files/galleryphoto/2023/1/1200x630/1676977183966737945_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1676977183452313228_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/1/1200x630/1676977183222236997_1200x630.jpeg)
Bakı, 21 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Füzuli rayonu, Horadiz şəhəri, H. Əliyev prospektində fiziki şəxs Hacıyev İzzət Əlif oğluna məxsus “Neymət” kafesində keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, mətbəxdə texnoloji ardıcıllığın gözlənilmədiyi, döşəmə, divar və tavanın tamlığının pozulduğu və asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.
Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə əlaqədar icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.