“HÜQUQİ DÖVLƏT, İNSAN HAQLARI VƏ ETİKA” MÖVZUSUNDA RESPUBLİKA KULTUROLOJİ SEMİNARI KEÇİRİLMİŞDİR
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 1-ci vitse-prezidenti, VCBMF sədrinin müavini, akademik Maqsud Əliyev tədbiri açaraq cəmiyyətimizin inkişafında və dünyəvi dövlət quruculuğunda assosiasiyanın rolundan danışmışdır.
Seminarda Polis Akademiyasının müəllimləri - dövlət və hüquq kafedrasının müdiri, polis polkovniki, hüquq elmləri namizədi Ceyhun Süleymanovun “Konstitusiya və insan haqları”, polis polkovniki, tarix elmləri namizədi, dosent Tahir Behbudovun “Dövlət qulluqçularının etik problemləri” mövzularında məruzələri dinlənilmişdir.
Məruzə ətrafında müzakirələrdə Bakı Musiqi Akademiyasının kafedra müdiri Telman Hacıyev, Bakı Dövlət Universitetinin kafedra müdiri Rüstəm Məmmədov, BDU-nun professoru Şahlar Əsgərov, rəssam Mirteymur Məmmədov və başqaları çıxış etmiş, iştirakçıların çoxsaylı sualları cavablandırılmışdır.
Fasilədən sonra “Azərbaycanda hüquqi etik mədəniyyət” mövzusunda dəyirmi masa keçirilmişdir.
Seminar çərçivəsində istedadlı kinoaktrisa və rəssam Suğra Bağırzadənin gül və çiçəklərdən hazırlanmış rəsm sərgisi nümayiş etdirilmişdir. Müəllif yaradıcılığı və gələcək planları barədə məlumat vermişdir.
Tədbirdə “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının 15 illiyi münasibətilə seminarın fəal iştirakçılarına assosiasiyanın fəxri fərmanları və Beynəlxalq “Sülh elçisi” diplomları təqdim edilmişdir.