Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir keçirilib
Bakı, 25 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 9 nömrəli filialının əməkdaşları tərəfindən Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, milli romantik şeirin və mənzum faciənin banisi olan Hüseyn Cavidin anadan olmasının 140 illiyi ilə əlaqədar tədbir təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxananın müdiri Firəngiz Salmanova Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında məlumat verib. O bildirib ki, H.Cavid daha çox dramaturq kimi tanınıb və ədəbiyyat xəzinəmizə bir-birindən dəyərli dram əsərləri bəxş edib: “Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib və "Cavid teatrı" kimi səciyyələndirilib. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan "Ana" pyesi H.Cavidin dramatik növdə yazdığı ilk əsəridir. Ümumən onun dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri öz əksini tapıb. O, "Şeyx Sənan" əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. 1920-1930-cu illərdə H.Cavid "Peyğəmbər", "Topal Teymur", "Səyavuş", "Xəyyam" kimi bir sıra tarixi dramlar yazıb. Bununla yanaşı, o, həm də zəngin lirik, lirik-epik yaradıcılığa malikdir. Təəssüf ki, Stalin repressiyasının "dalğası" Hüseyn Caviddən də yan keçməyib, ədib 8 il müddətinə İrkutsk vilayətinin Tayşet rayonunda islah əmək düşərgəsinə məhkum edilməklə sürgün olunub. O, 1941-ci ildə məhz burada dünyasını dəyişib. Ölümündən sonra 1956-cı il martın 6-da Azərbaycan SSR Ali Məhkəməsinin hökmü ilə Hüseyn Cavid bəraət alıb. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin məzarı illər sonra Naxçıvana gətirilib və Cavid məqbərəsi adlı yerdə dəfn edilib”, - deyə kitabxananın müdiri vurğulayıb.
Daha sonra kitabxananın informasiya texnologiyaları üzrə mütəxəssisi Xanım Cəlilova, həmçinin 295 və 130 nömrəli tam orta məktəbin şagirdləri böyük ədib H.Cavidin yaradıcılığından nümunələr səsləndiriblər.