Hüseyn Cavidin ev-muzeyində gənclər gününə həsr edilmiş tədbir
Bakı, 2 fevral, AZƏRTAC
Hüseyn Cavidin ev-muzeyində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, onlayn tədbirdə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb. Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı gəncləri bu əlamətdar gün münasibətilə təbrik edib. Bu günün tarixinə nəzər salındıqdan sonra tədbir iştirakçılarına yeni “Vətən simurqları - II Qarabağ Vətən müharibəsinin qəhrəmanları” adlı kitab təqdim olunub. Kitabın redaktoru G.Babaxanlı bildirib ki, nəşr 44 günlük Vətən müharibəsində şəhid olan cəsur həmvətənlərimizin xatirəsinə həsr edilib. Qarabağ uğurunda gənc ömürlərini qurban verən qəhrəman Vətən övladlarının qələmə alınan taleləri tariximizin qızıl səhifələrindəndir. Buna görə də bu şanlı salnamənin gənclərə, xüsusən də gələcək nəslə çatdırılması vacibdir.
Sonra G.Babaxanlı kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi filologiya elmləri doktoru Almaz Ülvi Binnətovaya təşəkkürünü bildirib. Qeyd edib ki, kitabda təqdim olunan yazılar ana qəlbinin hıçqırığı, bacı göynərtisi, dost məhəbbəti, qardaş qubarı ilə qələmə alınıb.
Kitabın məsul katiblərindən biri - filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov çıxış edib. O da nəşrin mövcud zərurətdən doğduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz qələbəyə görə ilk növbədə şəhidlərə və qazilərimizə borclu olduğumuzu diqqətə çatdırıb.
Qeyd edək ki, “Vətən simurqları - II Qarabağ Vətən müharibəsinin qəhrəmanları” adlı kitabda 44 günlük savaşda şəhid olan bütün şəhidlərin adları verilib, onlardan böyük bir qismi haqqında oçerklər, xatirələr və rəngli fotolar yer alıb. Toplunun rəyçiləri tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir, məsul katiblərindən biri isə Şəbnəm Babayevadır.